Məhkəmə qərarı, yoxsa şikayət ərizəsi? – Yenilənib

Yazı dərc edildikdən sonra sosial şəbəkədə paylaşılan sənədin möhürlü versiyası açıqlanıb. Məlum olub ki, bu sənəd Rəşad Məmmədovun ifadəsi əsasında istintaqın başlanması haqda məhkəmə qərarıdır.

***

Almaniyada qanunsuz miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyat və bundan sonra Müsavat Partiyasına qarşı başlanan total əks təbliğat kampaniyası davam etməkdədir.

Ötən gün məsələnin yeni təfərrüatları ortaya çıxıb. Məlum olub ki, bu mövzuda iddiaları ilk olaraq irəli sürən Meydan TV əməkdaşı Həbib Müntəzirin “Koblens məhkəməsinin qərarı” kimi təqdim etdiyi “o məşhur sənəd”, əslində sadəcə bir şikayət ərizəsi imiş.  

Qeyd edək ki, bundan əvvəl Müsavat AKM-in sədri İlham Həsən və daha bir neçə nəfər, onların Almanıyada saxlanması barədə Həbib Müntəzirin məlumatının yalan olduğunu bildiriblər.

Bundan sonra Müntəzir sosial şəbəkədə bir “sənəd” paylaşaraq, bunu “Koblens məhkəməsinin qərarı” kimi təqdim etmişdi. Həmin “məhkəmə qərarı”nın üzərində nə möhür, nə imza, nə də başqa rekvizit var. Üstəlik, “sənəddə” yazılanların bir çoxu silinib ki, bunun kimin tərəfindən, hansı məqsədlə, hansı yalanı gizlətmək üçün silindiyi izah olunmayıb. 

“Almaniya polisinin Evropolla birgə keçirdiyi əməliyatların nəticəsinin əsl mahiyyəti qismən bəlli olsa da, bir çoxları yenə Musavat Partiyasını, Müsavat Avropa Koordinasiya Mərkəzini hədəf seçiblər. Sosial şebəkələrdə bir çox hissələri qaralanmış müxtəlif sənədlər paylaşılır, bu sənəddə guya ki, AKM saxta sənəd satmaqda, insan alverində ittiham edirlər. Əslində bu sənəd Rəşad Məmmədovun öz biznes ortağı Mehdi Xəlilbəyli ilə aralarında olan münaqişə zəminində polisə etdiyi müraciətin kopiyasıdır”.

Bunu Müsavat AKM-in təmsilçilərindən biri Eldəniz Yusibov özünün feysbuk səhifəsində yazıb.

“O sənəddə nə Müsavat Partiyasının, nə də AKM-in adı çəkilmir. Əgər doğrudan da iddia etdiyiniz kimidrsə, onda o sənədi tam açıqlayın, tərcümə edin paylaşın. Nə üçün bunu etmediyiniz bəllidir. Yalan qartopu kimidir, yuvarlandıqca böyüyür. Amma unutmayın ki, günəş çıxan kimi əriyib gedir” – deyə, Eldəniz Yusibov əlavə edib.

Xatırladaq ki Rəşad Məmmədov bir neçə dəfə Laçın Məmişovun internet televiziyasında çıxış edərək, Mehdi Xəlilbəyli ilə əvvəllər yaxın münasibətlərdə olduğunu, ona “patron” dediyini, sonra isə onunla borc üstündə kəskin münaqişəsinin yarandığını bildirib.  

Məsələyə Müsavat başqanının müavini Fərəc Kərimli də münasibət bildirib.

“Almaniyada əvvəllər şərik biznesi olan Rəşad Məmmədovla Mehdi Xəlilbəyli arasında münaqişə yaranıb. Rəşad Məmmədov Mehdi Xəlilbəylinin qanunsuz bizneslə, Tır satışında, Yunanıstan, Ukrynadan ucuz işçi qüvvəsi gətirməsi, buradan 300000 avro qazandığı barədə alman polisinə şikayət edib. Alman polisi bu şikayət əsasında Mehdi Xəlilbəylini saxlayıb. Qaldırılan bütün ajiotaj, Müsavat məhv oldu, Arif Hacılı istefa versin haray-həşiri bu məsələ ətrafındadır” – deyə, Fərəc Kərimli özünün feysbuk səhifəsində bildirib.

“Əlövsət Əliyevin işinin də Mehdi Xəlilbəylinin işinə aidiyyatı yoxdur. Əgər hətta bir partiya üzvünün qanunsuz bizneslə məşğul olması sübut olunsa belə, bunun partiyaya, bizlərə nə dəxli var? Kampaniyanı birinci başlayanda diqqət etdinizsə “İlham Həsən həbs edilib”, “Müsavat AKM-ə qarşı əməliyyat keçirilib” deyə başladılar. İlham Həsən canlı yayıma çıxıb bunları təkzib etdi, Europolun keçirdiyi əməliyyat haqda Press Reliz yayıldı, yalanları ifşa olunsa da həyasızcasına yenə böhtanları davam etdirməyə başladılar. Sanki bu yalanları yazan bunlar deyildi. Züy tutanlardan biri də çıxıb demədi ki, ay filankəslər bəs deyirdiniz bu adamlar həbs edilib” – deyə, Kərimli etirazını bildirib.

 

Basta