Müsavat Divanı ittihamları araşdırmaq üçün komissiya yaradıb

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası ilə bağlı məlumat verib.

İclasda Almaniyada miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyatdan sonra Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlar müzakirə edilib. Bildirilib ki, Müsavat Avropa Kordinasiya Mərkəzinin sədri İlham Həsənin həbs olunması təkzib olunub, bir nəfər istisna olmaqla, həmin təşkilatın üzvü kimi təqdim olunan digər şəxslərin saxlanması barədə iddialar təsdiq olunmayıb. 

Müzakirələrdə qeyd olunub ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır. Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxslə bağlı adekvat tədbirlər görəcək.

İclasda Müsavat Partiyasına irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılıb.

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta