Məhkəmə Razim Əmiraslanlını həbsdə saxladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, partiyanın Divan üzvü Razim Əmiraslanlının apellyasiya şikayətinə baxılıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən məhkəmədə Razim Əmiraslanlı çıxış edərək, həbsinin tamamilə əsassız olduğunu bildirib.

Razim Əmiraslanlı deyib ki, o Müsavat Partiyasının təyin etdiyi mitinq və piketlə bağlı noyabrın 10-da Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ertəsi gün isə 6-cı polis bölməsinə çağırılıb. Burada o, aksiyalarla əlaqədar sorğu-suala tutulub:

“Noyabrın 11-də rəis ilə söhbətdən sonra mənim barəmdə saxta protokol tərtib etdilər ki, guya mən Biləcəridə avtobus dayanacağında avtobusun arxasınca söyüş söymüşəm və polisə tabe olmamışam”.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, o, məhkəmə prosesində bir neçə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib və hökmü qüvvəsə saxlayıb.

Nemət Kərimli qərarın qanunsuz olduğunu və Avropa İnsan Haqları məhkəməsinə şikayət veriləcəyini bildirib.

Məhkəmə prosesində Müsavat başqanı Arif Hacılı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Osman Kazımov və partiyanın digər yetkililəri iştirak ediblər.

 

На изображении может находиться: 4 человека, в том числе Natiq Ulubey, люди стоят, костюм и на улице

Noyabrın 11-də tutulan Razim Əmiraslanlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.

Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.

Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də onlarla Müsavat funksioneri tutulub.

Noyabrın 12-si gündüz partiyanın başqanı Arif Hacılı da saxlanaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb və axşam saatlarında buraxılıb.

Həmin gün saat 15 radələrində bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.

Piketə cəhd zamanı və əvvəlki günlərdə tutulanlar azadlığa çıxsalar da, Razim Əmiraslanlı 15 sutkalıq inzibati həbsə göndərilib.

 

На изображении может находиться: 6 человек, в том числе Nemat Kerimli, на улице

 

Basta