Koblenz prokurorunun açıqlaması əslində kimin mövqeyini haqlı çıxartdı?

Almaniyada cinayət törətməkdə şübhəli bilindiyi üçün saxlanılan və bundan sonra cinayətini etiraf edərək istintaqla əməkdaşlıq edən Rəşad Məmmədov adlı mühacirin şikayəti əsasında qaldırılan cinayət işi ətrafında yaradılan ajiotaj səngimir.

Ötən gün Virtualaz.orq saytında Koblenz əyalət məhkəməsinin prokuroru Torsten Kahl ilə müsahibə dərc edilib.

Yazıya “Koblenz prokuroru Almaniyadakı “Müsavat işi” haqda” sərlövhəsi qoyulsa da, prokuror bir dəfə də, Müsavat adı çəkməyib.

Yazının giriş hissəsində irəli sürülən ittihamların nə dərəcədə əsaslı olub-olmadığını aşağıdakı cümlə ifadə edir:

“Almaniya hüquq-mühafizə orqanlarının ehtimalına görə, 49 yaşlı Mehti Xəlilbəyli mütəşəkkil cinayətkar qrup olduğu güman edilən dəstənin başçısı ola bilər”.

Bir cümlədən 3 dəfə ehtimal ifadəsi təkrar olunur: “Ehtimal olunan”, “güman edilən” və “ola bilər”. Amma bununla belə bu məsələni spekulyasiya edənlər prokurorun dediklərini istədikləri səpkidə şərh etməkdən çəkinmir, təkziblərə rəğmən Mehdi Xəlilbəylini israrla Müsavat AKM-in “sədri” kimi təqdim etməkdədirlər.

Verilən cavablardan isə görünür ki, əslində prokuror məsələyə peşəkarcasına yanaşıb. Onun bir sıra cavabları əslində bu məsələdə Müsavata böhtan atan tərəfin yox, Müsavatın mövqeyinin haqlı olduğunu təsdiqləyib. Bu hələ vəkilin yox, prokurorun açıqlamasıdır.

Üstəlik, o da nəzərə alınmalıdır ki, müsahibəni müstəqil jurnalist yox, Müsavata və bötüvlükdə müxalifətə qarşı aqresiv mövqeyini gizlətməyən sayt götürüb və biz sualların hansı şəkildə qoyulduğunu, hansılara cavab verilmədiyini, yaxud cavabların hamısının dərc edilib-edimədiyini də bilmirik.  

Müsahibəni və bizim şərhlərimizi təqdim edirik:  

– Cənab prokuror, Azərbaycan hakimiyyətinin yaydığı məlumata görə, noyabrın 14-də Almaniyadan çarter reysi ilə Azərbaycana 61 nəfər (22 kişi, 18 qadın və 21 uşaq) deportasiya edilib. Bu deportasiya Ə.Əliyev və M.Xəlilbəyliyə qarşı başlanan cinayət işi ilə əlaqədardır?

-Biz sizin dediyiniz şəxslərlə bağlı ilkin istintaqa başlamışıq. İttihamlar təqsirləndirilən şəxslərə təqdim olunan əməliyyat-axtarış sübutlarına əsaslanır. Ancaq bu işlə əlaqədar heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb.

– Ə.Əliyev və M.Xəlilbəyli konkret olaraq nədə ittiham olunurlar?

– Göstərdiyiniz şəxslər, digər Azərbaycan vətəndaşları kimi, əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar.

– Hazırda tutulanlar harada saxlanılırlar? Hansı şəhərdə?

– İki nəfər rəsmi qərar əsasında həbs edilib. Hazırda onlar müvafiq həbsxanalara köçürülüb.

– Bir sıra KİV-lər istintaqın, miqrant alveri şübhəsi ilə, daha 60 Azərbaycan vətəndaşını əhatə etdiyi barədə xəbər yayıblar?

– Bu məlumat həqiqətə uyğun deyil. Yalnız 8 Azərbaycan vətəndaşına qarşı ittiham irəli sürülüb.

Bizim şərh: Müsavata qarşı ittiham irəli sürənlər 61-nəfərin Almaniyadan bu işə görə deportasiya olunduğunu iddia edirdilər. Həmçinin iş üzrə kütləvi həbslərin olacağı barədə proqnozlar verirdilər. Prokuror faktiki olaraq bu iddiaları təkzib edib.

 

-Necə düşünürsünüz, ilkin istintaq nə qədər vaxt apara bilər?

– Demək çətindir. Gördüyünüz kimi, bunlar çox ciddi iddialardır. Belə məsələlərdə proqnoz vermək çətindir. Həbs olunanlara qarşı qabaqlayıcı tədbir 6 ay müddətinə seçilib. Qanuna görə, qabaqlayıcı tədbirin müddətini uzatmaq mümkündür.

– İttiham aktı təqdim olunsa, məhkəmə hansı şəhərdə keçiriləcək?

– Yekun qərar təqdim edildiyi təqdirdə təqsirləndirilən şəxslər Koblenz Regional Məhkəməsi qarşısında duracaqlar. Almaniya qanunlarına görə, sahə məhkəmələri, cəzasının dörd ildən çox olmadığı və ya psixiatrik klinikaya yerləşdirilməsi ilə bağlı cinayət işlərinə baxa bilərlər. İndiki halda söhbət 5 ildən 10 ilə qədər həbs cəzasından gedir.

Həbs olunan şəxslərə ittiham aktı təqdim olunarsa, proses Koblenz Regional Məhkəməsində keçiriləcək.

Bizim şərh: Prokuror deyir “təqdim olunarsa”, bu isə o deməkdir ki, ittiham sübuta yetməyə və ittiham aktı təqdim olunmaya da bilər.

Qeyd edək ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlı olduğunu bildirib. Partiyanın rəsmi açıqlamasında bildirilir ki, əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxsbuna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxslə bağlı adekvat tədbirlər görəcək.

Basta