Sabir Rüstəmxanlı: Əlövsət Əliyevlə bağlı bir sıra müdafiə tədbirləri hazırlanır

Noyabrın 13-də Almaniyada saxlanılan “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə bağlı bir sıra müdafiə tədbirləri hazırlanır.

Bu barədə Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı danışıb.

O deyib ki, vəkili Erix Althammer Əlövsət Əliyevlə görüşüb:

“Vəkilin sözlərinə görə, siyasi mühacir qalmaqalının Əlövsət Əliyevə hər hansı şəkildə aidiyyəti yoxdur. Əlövsət Əliyevlə bağlı polis orqanlarına təqdim edilən məlumatlar da düzgün tərcümə olunmayıb. İndi vəkil məlumatları tərcümə etdikdən sonra apellyasiya şikayəti verməyə hazırlaşır. Hələlik, Əlövsət Əliyevlə bağlı hər hansı ittiham irəli sürülməyib, saxlanılır və araşdırma gedir,” o qeyd edib

Sabir Rüstəmxanlının sözlərinə görə, qardaşı ilə bağlı siyasi mühacir qalmaqalında adı çəkilən şəxslərdən biri şikayət edib: “Məqsəd bu olub ki, “siyasi mühacir” qalmaqalına dəstək versin. Əlövsət bundan imtina etdikdən sonra şikayət olunub və Berlinə gedərkən həmin şikayət əsasında saxlanılıb.”

Almaniyada Azərbaycandan insanların qanunsuz miqrasiyası ilə bağlı cinayət işi başlanılıb.

Şpigel jurnalının məlumatında deyilir ki, alman polisi çoxsaylı obyektlərdə axtarışlar aparıb və Azərbaycan vətəndaşları saxlanılıb.

Müşahidəçilərin fikrincə, Almaniyadakı mütəşəkkil qrup Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək, pul müqabilində miqrantlara verib.

Bir il əvvəl miqrantlara verilən saxta sənədlərlə bağlı Azərbaycanda da bir sıra partiya funksionerləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Almaniyadan bir sıra azərbaycanlının deportasiya olunması məsələsinə münasibət bildirib.

“Biz Azərbaycan vətəndaşlarının hər biri üçün bu ölkədə yaşayış, iş, fəaliyyət şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili, onların maraqları dayanır. Ona görə də Azərbaycana qaytarılan o insanların hər birinin ölkəmizin vətəndaşı olaraq gələcək həyatını qurması üçün lazım olan şərait yaradılacaq və onlara lazımi dəstək veriləcək. Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən, Almaniya, Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar,” o qeyd edib.

Amerikanın səsi