Milli kimlik harayı

1991-ci ilin 18 oktyabrında deputatlarımız dövlət müstəqilliyi haqqında konstitusiya aktına səs verməklə elan elədilər ki, çağdaş Azərbaycan 1918-1920-ci illərdə var olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi varisidir.

Bu, yeni bir dövlətin yaranması deyildi, Rusiyanın təkrar işğalına məruz qalan bir ölkənin yenidən öz dövlət müstəqilliyini bərpa etməsiydi.

İndi geriyə – 1991-ci ilə boylananda adam belə bir sualla üzləşir: doğrudanmı biz onda Azərbaycan Cümhuriyyətini bərpa elədik?

O cümhuriyyətlə bugünkü respublikanın fərqini elə quşbaxışı nəzərlə müqayisə eləsə, babat oxuyan orta məktəb şagirdi də anlayar ki, parlament respublikası prezident idarə üsulu əsasında bərpa olunub.

Yazının mövzusundan uzaqlaşmamaq üçün bu fərqin üstündən keçirəm.

Məni düşündürən başqa şeydir.

Necə oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti “biz kimik” sualına 100 il qabaq aydın cavab verdiyi halda bu gün milli kimlik yenidən müzakirə mövzusuna çevrilir? Aradakı sovet dönəmində nə baş verdi ki, onun dağılmasıyla özümüzü “itirdik”? Niyə hələ də “tapa bilmirik”?

***

Müstəqillik illərində bizə iki kimlik təklif olundu. Əvvəl Xalq Cəbhəsi hakimiyyətində rəsmi dil “türk dili” adlandırıldı. Cəmi üç il sonra artıq təzə hökumət – Yeni Azərbaycan Partiyasının hakimiyyəti referendumla ölkə konstitusiyasında etnik çoxluğun və rəsmi dövlət dilinin adını dəyişərək yenidən sovet dövründəki ada qaytardı.

Belə baxanda bu addımla bizim milli kimlik axtarışımıza son qoyulacağını düşünmək olardı, yəni hakimiyyət yeni müstəqil dövləti yeni millət, yeni ideya, yeni liderlə qurduğunu elan edirdi. Amma sonrakı 25 il “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüar-möhürünün milli kimlik axtarışına sonuc vermədiyini göstərdi. Niyə?

Bunun səbəbi bir yandan milli adın dəyişdirilməsiylə edilmiş strateji yanlışlıq idisə, o biri yandan 100 il öncə Müsavatın irəli sürdüyü Azərbaycançılıq prinsipinə (müstəqil Azərbaycan dövlətçiliyi) yeni anlam verməyə, yəni təzə bir ideologiya – “Azərbaycançılıq ideologiyası” yaratmağa cəhd idi.

Bu da ayrıca bir yazı mövzusu olduğundan üstünə getmirəm.

SSRİ-nin dağılmasıyla bizim sovet kimliyimiz aradan qalxdı. Cümhuriyyəti bərpa etmişiksə, onun bizə verdiyi kimliyimiz də avtomatik özümüzə qayıtmalı idi. Bəs nə baş verdi?

Biz cümhuriyyəti yarımçıq bərpa elədik!

O dövlətin yalnız adını, bayrağını, himnini götürdük. İndi nə onun yerləşdiyi torpaqların tamına sahibik, nə də o vaxtkı milli kimliyimizə.

***

Milli kimlik özündə dil, mədəniyyət, məişət, ənənə, düşüncə, psixologiya, tarix, vətəndaşlıq, vətənsevərlik, milli idrak anlamlarını ehtiva edir.

Biz özümüzü türk dünyasının, islam aləminin bir parçası sayırıq, amma bunlar bizim milli kimliyimizdirmi? Milli kimlik toplumu parçalayan yox, birləşdirən müstəvidə yarana bilər. Bu gün nə Turan, nə islam bizi millətləşmə yönündə birləşdirir.

İslamın ümmətçilik doktrinasının ərəblərdə, farslarda, orta əsr Osmanlısında birləşdirici rolu danılmazdır. Amma bu bizə aid deyil, islam ümmətçiliyi bir ideya kimi bizə uğur qazandırmayıb. O, nə XIX əsrin əvvəllərində rus işğalına, nə 1920-ci ilin kafir rus-bolşevik istilasına, nə də rusla birlikdə Qarabağı zəbt edən ermənilərə qarşı bizi təşkilatlandıra bilib.

Əksinə, ermənilərə Rusiyadan sonra ən ciddi dəstəyi erməni terrorçularının bəsləndiyi müsəlman ərəb ölkələri, Ermənistana həyat yolu açan (ən ucuz qiymətə qaz satan, yol çəkən və s.) şiə İranı verdi. Paşinyanın Ruhaniylə qəşş edərkən çəkilən fotoları bizim sinə vurub, baş yaran İran aşiqlərimizin tutulmuş gözləri görməz.

Müstəqilliyimizin ilk illərində dəstəyinə ümid etdiyimiz islam dünyasının milli kimlik axtarışımızda bizi dalana dirəyən nəsnələrdən olduğuna inanmayanlar zəhmət çəkib yazını oxumağa davam etməsələr yaxşıdır.

Bir zamanlar qırğız yaylalarından qazax çöllərinə, Səmərqənddən Buxaraya, Kazandan Baxçasarayacan Turan ellərini dolaşan, görüb öyrəndiklərindən qanı coşan, tarixi köküylə fəxr edib ruhlanan biri kimi indi anlayıram ki, türk birliyi ideyası çoxlarına ilğım kimi görünür. Könül coşduran, göz oxşayan xoş ilğım. Amma unutmayaq: Avropa Birliyi də bir zaman ilğım sayılırdı.

Türk dünyası, Turan anlayışlarına klassik Turançılıq (Ziya Göyalp) baxımından yox, Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü yeni Turançılıq – türk dövlətləri/millətləri liqası, yəni müstəqillikdən sonrakı dönəmlərin bir şüurlu strateji addımı kimi yanaşmaq gərəkdir. 5 türk dövlətinin yaratdığı Türk Şurası bəlkə gələcəkdə söz açdığım birlik üçün təməl olacaq. Amma o zamanacan milli kimliyimiz işini bitirməyimiz lazımdır. Bu işdə Turançılıq yalnız və yalnız bir zamanlar bəşər sivilizasiyalarından birini yaratmış, amma yaratdığını qoruyub sahiblənə bilməyən qədim qövmün bir parçası olduğumuzu anlamaqda yardım edə bilər. Hələlik başqa heç nə.

***

Azərbaycan siyasi və coğrafi kimliyimizdir. Milli adımız coğrafi adımızla yox, etnik adımızla çağırılmalıdır. Bizim milli kimlik məsələsində çoxlarından fərqimiz “Azərbaycan milləti”ni formalaşdırası xalqın vahid siyasi-coğrafi məkanda yerləşməməsidir.

Dövlətə sahibləndiklərindən milli kimlik qayğısına qalmayan Səfəvilər, Qacarlar sonunda dövlətçiliyi milli kimliyini heç vaxt unutmayan farslara güzəştə getməli oldular. Səttarxanın, Xiyabaninin, Pişəvərinin rəhbərliyində inqilabların uğursuzluğunun səbəbi, fikrimcə, Güneydə milli kimlik probleminin tam çözülməməsinə bağlı idi.

Bir güneyli dostum deyirdi ki, İranda yaşayan türklər indi də “iranlılıq” və “türklük” arasında çaşbaş qalıblar. Onun sözüdür: “İranlılıq yaxın tarixin propaqandası nəticəsində farslıqla eyniləşdirilib. İran türklərinin bu paradiqmanı dəyişməyə gücləri olmayıb”.

Millətləşmə prosesi 150 il əvvəl, XIX əsrin ikinci yarısından artıq 50 ildir Rusiyanın tərkibinə qatılıb, onun vasitəsilə Avropada gedən millətləşmə hərəkatının havasını alan Quzey Azərbaycanda başlandı. Kimlərdəsə bu proses başa çatdı, bizdə isə obyektiv və subyektiv səbəblərdən hələ də bitməyib.

1789-cu il inqilabı Fransada fransız millətini yaratdığı kimi 1918-ci il cümhuriyyəti də Quzey Azərbaycanda türk milləti anlayışını tarix meydanına çıxardı. Azərbaycan Cümhuriyyəti millətləşmə prosesinin sonu olmalıydı. Sovetlərin gəlişi işi yarıda qoydu.

Türkcəni rəsmi dil kimi qəbul etmiş ilk respublikanı biz qurmuşuq. Rus-bolşevik işğalı nəticəsində əldən verdiyimiz kimliyi Atatürk yaratdığı yeni dövlətin milli kimliyinə çevirdi. Türkiyədə “Osmanlı” dönüb “türk” olduğu halda Azərbaycanda “türk” dəyişib “azərbaycanlı”, ya da türkiyəlilərin diliylə desək, “azəri” adlandı.

Kommunistlərin bizdən aldığı adı Türkiyə türklərinə niyə “güzəştə” gedirik ki!

Milli kimliyin təməlləri çoxdur, amma bizim halımızda ana təməl milli addır. Ona görə addan uzun yazıram. Azərbaycanda türkcəmizi qanuniləşdirməsək, kimlik məsələsi indiki kimi yarımçıq qalacaq. Adın bərpası qəti şəkildə Türkiyə türkcəsiylə qarışıqlıq yarada bilməz. Amerika ingiliscəsi Britaniya, yaxud Avstraliya ingiliscələriylə qarışdırılmadığı kimi.

Milli kimlik tək “Biz kimik” və “Hardan gəlmişik” suallarına deyil, “Hara gedirik” kimi suala da cavab tələb edir. Yəni tək bu günü yox, sabahı da düşünməliyik.

“Azərbaycanlılıq” bizi indiki Azərbaycan Respublikası sərhədləriylə məhdudlaşdırır. Milli şüurun oyandığı güneydəkilər necə, özlərinə başqa milli kimlikmi düzəltməlidirlər?

Odur ki, bu gün biz 10 milyonun etno-milli adını elə seçməliyik ki, sabah o, 50 milyonun milli kimlik məsələsində indiki kimi qarışıqlığa səbəb olmasın.

Perspektivdə özünə real yeretmə ehtimalı yüksək olsa da, Bütöv Azərbaycan ideyası bu gün dadımıza çatmaya bilər. Amma unutmayaq ki, bu gün bizdə türk davası səngisə də, Güneydə Azərbaycan davası oyanış mərhələsindədir, qalxan xətlə gedir.

“Bütöv Azərbaycan” bəlli səbəblərdən ümummilli ideyaya çevrilməyibsə, bu, sabah da belə olacağı anlamına gəlməməlidir. Bu ideyaya antitezislər vermək istəməzdim, amma gün işığı torpaqla örtülmür, güneylilərlə siyasi kimlik fərqimiz həqiqətdir. Bu da təbiidir, üstündən keçən 200 illik ayrılıq yelləri siyasi coğrafiya, düşüncə, psixoloji özduyum, dünyagörüşü, məişət landşaftımızdan izsiz ötməyib.

İki nümunə verim. Torpaqlarımızı işğal edən Ermənistanın həyat yolu İrandan, güneyli soydaşlarımızın yaşadığı torpaqlardan keçir. Hələ orada kimlərinsə yığışıb o sərhədləri bağlamaq tələbiylə hərəkat başlatdığını eşitməmişəm.

Eyni zamanda Təbrizin “Traktor” futbol klubunun uğuruna “Qalatasaray”ın qələbəsi qədər sevinib Bakı küçələrinə axışan gəncləri də görməmişəm.

“Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” şüarının gündəmi tutacağı dönəmin gələcəyinə inamı ölməyən biri kimi yazıram bu sözləri.

Özümü fars-İran kimliyi içərisində individuum kimi duya bilmirəm. Ona qalsa, rus-sovet kimliyi bir köynək yaxındır. Amma artıq 30 ilə yaxındır ki, bu “köynəyi” də əynimdən çıxarmışam.

***

Bu gün Qərb mediasında adımızın “azəri” yazılmasına tez-tez rast gəlirik. Uzağa niyə gedirəm, türkiyəlilər bizi azəri çağırmırmı? Elə İranın özündə dünənədək bizə türk deyən farslar indi də azəri deməyə başlayırlar. Bunlar bizi tarixi kimliyimizdən – özümüzdən ayırmağa xidmət edir. Bunu bilərəkdən siyasi maraqla edənlər də var, bilməyərəkdən reallıq sayanlar da.

“Azəri” adına qıcıqlananlarımız öncə öz soyadlarında hələ də qalan rus köklü “ov”, “yev” sonluğuna baxsınlar, sonra rus dilinin ölkədə qeyri-rəsmi “rəsmiləşmə” səbəbini düşünsünlər. 1995-ci il konstitusiyasına adımızı “azərbaycanlı” yazmağa özümüz səbəb olmuşuqsa, indi bizə “azəri” deyənləri niyə qınayırıq ki! Nə vaxt kiminləsə adımızın davasını döydük?

Məsələn, nə vaxt dilçi alimlərimiz 1000 nəfərlik imza kampaniyası başladıb “Google” şirkətinə müraciət etdi ki, öz tərcümə proqramında adımızı “Azerbaijani” yox, “Azerbaijani turkish” yazsın? İndi “azəri” adından qeyzlənən neçə dilçini 1995-ci il konstitusiyasının qəbulu ərəfəsində keçirilən debatlarda susan gördüm.

100 il əvvəl bizi türk çağıranlar bu gün azəri deyirsə, görünür, bu yüz ildə nələrsə baş verib. Bu baş verənləri açıq müzakirə etməli, sonra qərar verməliyik: səhvi düzəldək, ya reallıq deyib olanı qəbul edək?

Mənə qalsa, adım kimi əminəm ki, adımızı “Azərbaycan türkü” çağırmalı, dilimizə “Azərbaycan türkcəsi” deməliyik! Bilirəm, milli kimliyin arxasında dövlət durmalıdır. Dövlətin bu yöndə aydın siyasəti, ideologiyası yoxdursa, heç olmasa bu işi sovet dönəmindəki kimi, ziyalılar etməlidirlər. Ağızlarına su alıb oturmamalıdırlar.

“Azərbaycan türkü” milli kimliyinə sahiblənərsə, 10 milyonluq əhali 100 il öncə başladığı missiyanı davam etdirə, 50 milyonluq Azərbaycan türkünün avanqardına, səmt ulduzuna çevrilər.

***

Milli kimliyin yaşam qaynağı davamlı uğurlardır. O, milli qürur duyğusu, pozitiv anlamda patriotizm, vətənsevərlik aşılayır. Sovet insanı Böyük Vətən müharibəsi adlandırdığı savaşı qələbəylə başa vurandan sonra öz sovet kimliyiylə fəxr etməyə başladı.

Dünənədək ağılar deyib dünyanı dolaşan, Rusiyanın Qafqaz layihəsi kimi ortaya çıxan, torpaqlarımızda dövlət qurub, hələ yeni ərazilər də işğal edərək tarixi boyu yaşamadığı eyforiyanı yaşayan ermənilərin fərəhi fonunda hazırkı ruh düşkünlüyümüz başa düşüləndir.

Qarabağdakı məğlub durum, zəngin neft ölkəsində ədalətli rifah cəmiyyəti qura bilməməyimiz bizə milli natamamlıq kompleksi aşılayır. Millət olaraq Azərbaycan adıyla tarix meydanına çıxa bilməməyimiz də bir yandan çoxumuzda diskomfort yaradır. Sanki tarixin uğursuzluq burulğanında özünü itirən kimiyik.

Amma mən Lev Qumilyovun passionarlıq nəzəriyyəsinə inanan fərd kimi buna bir az fərqli bucaqdan baxıram. Yol daim enişli ola bilməz, mütləq yoxuşu da var.

Qədim görünmək kimi kompleksim yoxdur. Atillaya da sahiblik iddiası edərəm, Altay sivilizasiyasına da. Amma bu gün Azərbaycan türkü olaraq özümü qədim etnosun kökü üstündə yeni pöhrə verən gənc millətin nümayəndəsi kimi duyuram; ruhən “qocalmış” yox, əksinə, özünü indi-indi tapmaqda – formalaşmaqda olan perspektivli bir millətin gələcəyə inamla baxan fərdi sanıram.

Əsas özümüzü tapmaqdır. Sayca bizdən qat-qat çox olan, amma dövlət qura bilməyən nə qədər xalq mövcuddur. Bizimsə dövlətimiz var! Hələ yeni dövlət qurmağa potensialı olan milyonlarla güneyli soydaşlarımızı demirəm.

***

Bütün canlılar təbiətin dəyişməz bir qanununa tabedir – güclülər yox, uyğunlaşa bilənlər sağ qalır! Təbiətin min bir sınağından dinozavrlar deyil, kərtənkələlər salamat qurtulub. Hanı Babilistan, Mesopotamiya, Misir, Mayya, İnk sivilizasiyalarını yaratmış xalqlar?

Başqa dünya xalqları ilə işim yoxdur, qonşularımızdan deyim. Öz milli kimliyini qorumaları onlarda sağqalma instinktinin mövcudluğuna dəlalət edir. Farslar ərəb işğalının ilk illərindən “fars islamı”na rəvac verən milli Şüubiyə hərəkatı başlatmasaydılar, qədim Misir qarışıq Əndəlüsəcən neçə sivilizasiyaya son qoyan gücün qarşısında çoxdan yox olmuşdular.

Sağqalma duyğusu əlçatmaz dağlara sığınan xalqlarda daha güclüdür. Ermənilər, gürcülər kimi…

Biri qorunmaq üçün qalalar tikər, o biri ölkələr fəth etməkdən ötrü körpülər salar. Birinciyə məhv olmaq qorxusu, ikinciyə arxayınçılıq hissi hakimdir. Biz ikincilərdən törəmişlərik!

***

Azərbaycanda etnik məsələdə həllini gözləyən çox iş var. Bəzi milli azlıqlar haqlı olaraq öz dillərində məktəb, qəzet, TV istəyir, ölkənin çoxluq təşkil edən xalqı isə hələ də öz adına sahiblənməyib. Bu kontekstdə haqlı sual yaranır: əgər Qafqaz Azərbaycanında yaşayan millətin adı “azərbaycanlı”dırsa və ölkədə say etibarı ilə çoxluq təşkil edən türklər milli kimlik naminə öz adından imtina edirsə, niyə başqaları, məsələn, talışlar, ləzgilər, ruslar da öz adlarından imtina edib “azərbaycanlı” olmurlar? Yaxud əksinə, hər xalqın adı üstündədirsə, niyə Azərbaycan türkləri də öz adlarıyla çağırılmamalıdır?

Milli şüur, yaddaş olmadan milli kimlik qurula bilməz. Milli kimlik tapılmayınca, milli qürurda daim kəsiklik olacaq, natamamlıq kompleksi yaşanacaq.

Bir sözlə, demək istədiyim odur ki, dövlət dili Azərbaycan türkcəsi olan, Azərbaycan Cümhuriyyətinin (Sovet Azərbaycanının yox) bəşəri dəyərlərə söykənən prinsiplərinə sadiq qalan, bugünkü tərəqqipərvər dünyanın özünüidarə mexanizmlərini mənimsəyib tətbiq edən, bütün dünyada, ələlxüsus da İranda, Gürcüstanda, Dağıstanda yaşayan soydaşlarımıza mayak olası bir dövlət qursaq, milli kimliyimizi sinəmizdə vuran ürək kimi duyacaq, fərəhlə qürurlanacağıq.

…Onda Qarabağı qaytaran, rifah içində azad yaşayan xalq özünün millətləşmə prosesini başa vuracaq!

Vahid Qazi

Oktyabr, 2019-cu il