Pompeo iranlılara səsləndi: “Rejimin repressiyaları ilə bağlı məlumatları bizə göndərin”

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo noyabrın 21-də “Tvitter” səhifəsində yaydığı bir yazıda İran rejiminin repressiyalarına məruz qalmış iranlılara səslənib.

Pompeo iranlı etirazçılara müraciət edərək onlardan ölkədə baş verən faciəli olaylarla bağlı ABŞ hökumətini məlumatlandırmağı xahiş edib: “İgid və qorxmaz iranlı etirazçılar! İran rejiminin etirazlara qarşı ölkdə həyata keçirdiyi repressiyalarla bağlı öz videolarınızı, şəkillərinizi və məlumatlarınızı bizə göndərin. Amerika Birləşmiş Ştatları etirazçıların zülmə və repressiyalara məruz qaldığını dünya ictimaiyyətinə ifşa edərək pisləyəcək. Bizimlə “Telegram” vasitəsilə əlaqə saxlayın: @RFJ-Farsi-Bot” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo paylaşdığı yazısında bəyan edib.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Hazırda etirazlar qismən səngisə də, bəzi şəhər və bölgələrdə davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş qəddarlıq dünya ictimaiyyətinin təəccübünə səbəb olub. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı açdığı birbaşa atəşi nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

Gunaz.TV