ABŞ İranda interneti kəsən nazirə sanksiya qoyub

Amerikanın Maliyyə Nazirliyi İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə sanksiya qoyub. Sanksiyanın qoyulmasına səbəb, son 7 gündə İranda hökumətin dinc etirazçılara qarşı qətliamları baş verdiyi bir vaxtda internetin kəsilməsidir.

ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatında bildirilir ki, Azəri Cəhromiyə qarşı sanksiya, onun ölkədə internetin kəsilməsi və geniş senzuranın tətbiq edilməsində oynadığı rola görə qoyulub: “İranda internetə giriş Azəri Cəhrominin başçılıq etdiyi nazirliyin nəzarətindədir. İran rəsmiləri ölkədə baş verən etirazlardan doğan bəzi “təhlükəsizlik məsələlərini” nəzərə alaraq bir neçə gündən bu yana interneti kəsdiklərini bildirirlər.

İranın qorxunc Kəşfiyyat Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşı olan Azəri Cəhromi 2017-ci ilin ortalarında nazir postuna təyin edildikdən sonra internetə senzura qoyulması ilə bağlı repressiv siyasətini şiddətləndirib. Bundan başqa, onun həmçinin müxalifət fəallarına qarşı ölkədə aparılan casusluq fəaliyyətlərində birbaşa əli olub” –deyə, ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatında qeyd olunur.

İranda 7 gün öncədən internetə tətbiq edilən məhdudiyyət hələ də aradan qaldırılmayıb. İranın Rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi noyabrın 22-də jurnalistlərə açıqlamasında deyib ki, ölkənin bəzi bölgələrində internet artıq yenidən bərqərar olunub, digər bölgələrdə isə Ali Milli Təhlükəsizlik şurasının qərarı ilə yenidən qoşulacağı nəzərdə tutulub.

 Qeyd edək ki, İran rejimi interneti kəsməklə, etirazlar zamanı insanları qətliam etməsinin görüntülərinin dünya mediasına yol açmasının qarşısını almağa çalışır. Ötən günlər ərzində bu səbəbdən müxtəlif bölgələrdə rejimin repressiya qüvvələrinin həyata keçirdikləri qırğınlar barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar ara-sıra davam edir.

VİDEOLAR:

 

 

Günaz.tv