Müsavat Partiyası “miqrant işi” üzrə ilkin araşdırmanın yekunları barədə

Müsavat Partiyasının mətbuat xidməti Almaniyada səkkiz nəfər Azərbaycan vətəndaşına qarşı cinayət işinin qaldırılması ilə bağlı araşdırma çərçivəsində əldə olunan son məlumatları əks etdirən press-reliz yayıb.

Sənəddə deyilir:

-Almaniyanın Koblenz əyalət məhkəməsində açılan bu cinayət işi Rəşad Məmmədov adlı Azərbaycan vətəndaşının şikayəti əsasında başlanıb.

-Həmin şikayət əsasında Rəşad Məmmədovun vaxtıyla sürücüsü olduğu Mehdi Xəlilbəyli həbs edilib. Mehdi Xəlilbəyli Almaniyada ictimai təşkilat kimi qeydiyyatdan keçmiş “Müsavat AKM” təşkilatının sıravi üzvüdür. Həmçinin “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev həbs edilib.

-Azərbaycan vətəndaşı olan daha 7 nəfərin saxlanması haqqında xəbər təkzib edilib. Eyni zamanda bu cinayət işinin güya Azərbaycanda əsas müxalifət partiyalarından biri olan Müsavat Partiyasına və Müsavat AKM-in fəaliyyəti ilə bağlı olduğu barədə bundan əvvəl yayılan məlumat təsdiqlənməyib.

-Ötən həftə Almaniyadan 61 nəfər Azərbaycan vətəndaşının deportasiya edilməsinin sözügedən cinayət işi ilə bağlı olması barədə iddia Koblenz əyalət məhkəməsinin prokuroru Torsten Kahl tərəfindən təkzib edilib.

-Əldə olunan son məlumata görə, cinayət işinin başlanmasına səbəb olmuş şikayətçi Rəşad Məmmədov Almaniyanın miqrasiya xidmətindən mənfi cavab almış, həmçinin Alman polisi tərəfindən barəsində cinayət işi açılmış şəxsdir. Onun özünü keçmiş AXCP üzvü kimi təqdim etməsi təsdiqlənməyib. Rəşad Məmmədov onun barəsində həbs qərarı cıxdıqdan sonra, polislə əməkdaşlıq edərək, cəzasını yüngülləşdirməyə çalışır. O, bundan əvvəl də Müsavat Partiyasına və Müsavat AKM-ə qarşı təbliğat kampaniyasında iştirak edib. Rəşad Məmmədovun qardaşı Azər Məmmədov isə Azərbaycanda əsas müxalifət partiyalarından biri olan AXCP-yə yaxın olan “AND” təşkilatına, mühacirətdəki hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı ağır ittihamlar irəli sürməkdədir.

-Həm Rəşad Məmmədovun, həm də Azər Məmmədovun əvvəllər Azərbaycanda polis orqanlarında çalışdığı bildirilir və indi onların Azərbaycan hakimiyyətinin xüsusi xidmət orqanları ilə işbirliyində olduqları, müxalifətə qarşı təxribatlarda istifadə olunduqları ehtimal edilir.

-Uzun müddətdir Azərbaycanda Ağır Cinayətlər üzrə İstintaq İdarəsində mühacir alveri və saxta sənəd ittihamları ilə əlaqədar istintaq aparılır. Bu istintaq çərçivəsində Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli, onun müavini Gözəl Bayramlı və digərləri izahat veriblər. Prokurorluq müxalifət təmsilçilərini məsələ ilə əlaqədar istintaq cəlb etsə də, bu müddət ərzində maxalifət partiyalarına qarşı iddiaları təsdiqləyəcək hər hansı bir sübut ortaya qoya bilməyib.

-2019-cu ilin avqust ayında Bakıda həyata keçirilən əməliyyat nəticəsində mühacirlər üçün saxta sənəd istehsal edən cinayətkar dəstə ifşa edilərək tutulub. Real TV-nin məlumatına görə, həmin dəstə malik olduğu saxta möhürlər vasitəsilə müxtəlif şəxslərə Azərbaycanın məhkəmə orqanları, Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, Müsavat, AXCP və digər təşkilatlar adından saxta sənədlər verib. Müsavat Partiyası bu cinayətkar şəbəkənin xarici dövlətlərdə uzantılarının olduğunu istisna etmir, onun adından saxta sənəd verilməsi hallarına qarşı həyata keçirilən istənilən əməliyyatı dəstəkləyir və bu məsələdə zərər çəkən tərəf olduğunu bildirir.

-Müsavat Partiyası mühacir alveri və saxta sənəd iddialarını araşdırmaq üçün xüsusi komissiya yaradıb, bu mövzuda faktlara malik olan şəxslərə müraciət edərək, bu məlumatları həmin komissiyaya, yaxud hüquq-mühafizə orqanlarına təqdim etməyə çağırıb.

-Müsavat Partiyası sözügedən cinayət işi başa çatmadan, araşdırmalar yekunlaşmadan irəli sürülən bütün ittihamların əsassız olduğunu bəyan edir və bu mövzuda siyasi spekulyasiyalara son qoymağa çağırır.

Müsavat Partiyasının rəsmi bəyanatında deylir ki, əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxslə bağlı adekvat tədbirlər görəcək.

 

Basta