Həm muzdlu, həm könüllü

Mustafa Hacıbəyli

“Məncə, Müsavat öz reputasiyasını qorumaq, ləkədən xilas olmaq istəyirsə, indiki rəhbərlik müvəqqəti olsa da, idarəçilikdən çəkilməlidir”.

Bunu Rauf Arifoğlunun qəzetində redaktor işləyən Xalid Kazımlı yazıb. Yazısında özünü Müsavat Partiyasına canı yanan kimi göstərib. Başqa sözlə, İlham Əliyevin köməkçisi Əli Həsənovun o gün söylədiyi “Müsavat daxildən sarsılıb” tezisindən kənara çıxmayıb.

Dağıl, a dünya! İlham Əliyevin ona hədiyə etdiyi mənzildə yaşayan birisi Müsavat Partiyasını “ləkədən xilas etmək” barədə danışır, bunun üçün bizim istefamızı təklif edir.

Əvvəl müxalifətdə olub sonra mövqeyini 180 dərəcə dəyişən, hakimiyyətdən maliyyələşən, vaxtıyla “sülalə rejimi” adlandırdığı əliyevlər ailəsinin indi hər bir nümayəndəsinin ünvanına mədhiyyə yazan, hakimiyyətin tənqidçilərinə qarşı sifarişli yazılar, o cümlədən əxlaqsız iftiralar dərc edən, ikiqat senzuranın tətbiq edildiyi bir qəzetin redaktoru indi özünü Müsavata, müxalifətə canı yanan kimi göstərir.

Bir dəfə oxudum ki, Xalid Kazımlı şefi Rauf Arifoğluna “hocam” deyə xitab edir, bunu oxuyanda gülməyim tutdu. Niyəsini izah edim:

Rauf Arifoğlu Azərbaycanda senzuranın ləğv edildiyi 1998-ci ildən 2003-cü ilədək müxalifət mövqeyində olduğu üçün hər gün pul qazanıb. Ona həmin dövrdə geniş imkanlara malik olan Müsavat Partiyası birbaşa maddi dəstək verib, üstəlik uzun müddət minlərlə müsavatçı hər gün boğazından kəsib son gəpiyinə köşkdən qəzet almaqla, onun davamlı gəlirini təmin ediblər.

2004-cü ildən sonra müxalifətçi mövqeyi artıq Rauf Arifoğlunun maddi maraqlarına ziyan vurmağa başladı, özü 2005-ə qədər həbsdə oldu, partiyanın dəstəyi məhdudlaşdı. Amma bununla belə, Rauf Arifoğlu heç olmasa 2004-dən 2006-cı ilə qədər, –hakimiyyətə satılana qədər, – əqidəsinə görə ziyana düşməyinə dözdü.

Bu Xalid Kazımlı isə o qısa müddətə də dözmədi, Rauf Arifoğlu həbsdə olarkən, onu və qardaşını “sülaləçilikdə” günahlandırıb  “Quska”nın qəzetinə getmişdi.  Sonra “sülalə” yaxşı əmzik tapanda, onların yanına qayıtdı, yenidən “hocam” deməyə başladı.

Budur Xalid Kazımlı. Adamı nə səngərdə, nə meydanda görən olub. Məncə Azərbaycanda əqidədən, reputasiyadan, ləkədən danışası sonuncu adamlardan biridir.

Muzdlular və könüllülər

Bir-bir saymışam, Almaniyada açılan cinayət işindən sonra Müsavatın əleyhinə mühacir mövzusunda təxminən 40 nəfər danışıb, yaxud yazıb. Çox görünürlər, çünki fəaldırlar, başqasını tapmayanda bir-birini çağırıb bu mövzuda təkrar-təkrar danışdırırlar. İddialarının təkzib olunduğunu və mövzuya ictimai marağın azaldığını görüncə, getdikcə aqresivləşirlər.

Heyrətamizdir. Onlar Müsavatı nədə ittiham edirlərsə, bu cinayət işinin başlanmasının baiskarı, keçmiş polis işçisi Rəşad Məmmədov özünün həmin cinayəti törətdiyini etiraf edib. Amma buna rəğmən onlar Rəşad Məmmədovu açıq mətnlə müdafiə edir, Müsavatı hədəfə alırlar.

Kimdir onlar?

Peridentin köməkçisi Əli Həsənovdan tutmuş, nə vaxtsa mübarizə meydanında, mitinqdə, səngərdə görmədiyimiz Laçın Məmişova, Yafəz Əkrəmoğluna qədər…  

Rauf Arifoğlundan, Mirşahindən tutmuş, İsmayıl Cəlilova, Həbib Müntəzirə qədər.

Bu 40 nəfərin bir hissəsi muzdlulardır, bir hissəsi könüllülər.

Muzdluların marağı birdir – onlar Müsavata qarşı təbliğata görə pul qazanırlar.

Könüllülərin motivləri isə müxtəlifdir: kimisi məğlubiyyətinin qisasını alır; kimisi ona nə vaxtsa göstərilən qara çadırın qisasını alır; kimisi nə vaxtsa iclasda sözünün kəsilməsinin qisasını alır; kimisi onun mənsub olduğu, yaxud bel bağladığı təşkilatın niyə Müsavat kimi demokratik və şəffaf bir təşkilat olmamasının paxıllığını çəkir; kimisi də qərəzinin səbəbini heç özü də dərk eləmir, sadəcə, dostunun, rəfiqəsinin təsirinə düşərək Müsavata çamur atır.

Xalid Kazımlı və onun “hoca”sı bu təsnifatda hər iki kateqoriyaya aiddir. Onlar, həm muzdur, – bizə qarşı kampaniya apardıqlarına görə pul qazanırlar, həm də könüllüdürlər, – bizə, pataloji nifrətləri var, çünki, biz onların necə satılmasının canlı şahidləriyik.

Rauf Arifoğlu Divan üzvü, Xalid Kazımlı Məclis üzvü idi. Müsavat 2003-də hakimiyyətə gəlsə, hər ikisi yekə vəzifə tutacaqdı. Seçki saxtalaşdırıldı, xalqın iradəsi zorlandı, etirazlar yatırdıldı. Onlar uğura şərik olacaqdılar, amma uğursuzluğa şərik olmadılar. Hakimiyyət müsavatçıları sındırmaq, Müsavatı gözdən salmaq üçün o qəzeti satın aldı. Uğurumuza şərik olası adamlar həbsxanada öldürülmüş Alqayıt Məhhərəmovun qanı da daxil olmaqla, minlərlə müsavatçının fədakar əməyini uf demədən satdılar.

Ayıblarına kor olmaq əvəzinə, hələ əqidədən, reputasiyadan, ləkədən danışırlar. Müsavatın ləkəsi varsa, bu, sizsiniz. Müsavata qarşı mühacir mövzusunda spekulyasiyalara da illər öncə hakimiyyətin sifarişi ilə siz başlamısız.

Özləri pula görə hər bir rəzilliyə hazır olduqlarına görə, öz arşınları ilə ölçürlər. Demirlər ki, pul hərisi olsalar, arayış satmaq nədir, bizim kimi satılıb mənzillər, villalar alardılar.

Heç yerə getməyəcəyik. Xüsusən, Azərbaycanda irticanın meydan suladığı, Müsavatın bu qədər ağır hücuma məruz qaldığı dövrdə. Gec-tez əliyev irticasını tarixin arxivinə göndərib ölkədə haqq-ədaləti bərqərar edəcəyik. Ondan sonra özümüz getsək belə, sizin kimilərin partiyaya qayıdıb uğurdan bəhrələnməsinə imkan verməyəcəyik.

 

Basta