Arif Hacılı: “Bu yalana, onu danışanların da inandığını düşünmürəm”

Müsavatın Divanı partiyaya qarşı “miqrant işi” ilə əlaqədar irəli sürülən ittihamları araşdırmaq üçün komissiya yaradıb. Bildiyimizə görə həmin komissiya ittiham irəli sürən şəxslərdən bu iddiaları təsdiq edəcək faktlar və məlumatlar istəyib. Komissiyaya hansısa məlumatlar təqdim edilibmi?

Bu və digər suallarla Müsavat Partiyasının başqanı Arif Hacılıya müraciət etdik.

– Komissiya indiyədək mətbuatda, sosial mediyada səsləndirilən ittihamları araşdıracaq. Bununla yanaşı, belə ittihamlar irəli sürənlərə təklif olunub ki, əllərində belə sübutlar varsa araşdırma komissiyasına təqdim etsinlər.

Komissiya artıq bir-neçə iddianı araşdırıb. Araşdırma davam etdikcə nəticələr elan olunacaq. Sonda kiminsə təqsiri üzə çıxsa, barəsində partiya nizamnaməsinə uyğun qərarlar qəbul ediləcək. Cinayət tərkibli işlər olacaqsa, prokurorluğun istintaq idarəsinə göndəriləcək. Əgər bəzi deyilənlər yalan, böhtan onlarsa, bu barədə müvafiq qərarlar veriləcək. Cinayət tərkibi olmayan yalanlar sübutlarla təkzib ediləcək. Cinayət tərkibi yaradan böhtanlarla bağlı məhkəmələrə müraciət olunacaq.

Komissiyaya fərdlər tərəfindən hələlik hər hansı sənədlərin təqdim olunması barədə məlumatım yoxdur.

-Rəşad Məmmədov adlı mühacir Müsavat AKM rəhbərliyinin mühacir alveri ilə məşğul olduğu və şəxsən sizə də pul göndərildiyi barədə iddialar irəli sürüb. Bununla bağlı nə deyə bilərsiz?

Məndə olan məlumata görə Müsavat AKM təşkilatının üzvləri bu böhtanlarla bağlı məhkəmələrə şikayətlər veriblər.

Konkret mənim ünvanıma səslənən böhtanlarla bağlı atılacaq addımları indi hüquqşünaslarla  məsləhətləşirəm. Əvvəlki suala cavabımda dediyim kimi, cinayət tərkibli böhtanlarla bağlı məhkəmələrə müraciət olunacaq.

Arif bəy, Sizin “Sirab” şirkətində Vasif Talıbovla şərikliyiniz, Almaniyada mənzillərinizin və otellərinizin olduğu barədə iddialar səslənir. Bu iddialar nəyə əsaslanır?

– Deyilənə görə, Mehdi Xəlilbəylinin Almaniyada qeydiyyatdan keçən adında “Sirab” sözü olan yükdaşıma müəssəsi var.

Naxçıvanda su istehsal edən “Sirab” şirkətinin rəhbəri bu barədə açıqlama vermişdi.

Ümumiyyətlə isə Avropada heç kəsin sirab sularına aid şirkətinin olması mümkün deyil, çünki Avropada bir şüşə də olsun “Sirab”suları satılmır.

Mənim Almaniyada otellərim, evlərim olması barədə deyilənlərə kimlərinsə, hətta belə həyasız yalanı danışanların da inandığını düşünmürəm. Burada məqsəd bizim də indiki korrupsioner hakimiyyətin oxşarı olduğumuz barədə  rəy yaratmaqdır.

1920-ci ilin aprelin 28-i Azərbaycanın işğalı günü Nəriman Nərimanov çıxış edərək demişdi ki, Müsavat hökuməti, Rəsulzadə Azərbaycandan xaricə  tonlarla qızıl aparıb və bu bir həftə ərzində sübut ediləcək. Bir əsr keçib, nəinki sübut olunmayıb, əksinə bu iddiaların hansı antimilli məqsədlərlə irəli sürüldüyü çoxdan hamıya bəllidir. 

Elçibəy hökümətinin də 500 milyard (!) dollar vəsaiti ölkədən çıxardığı o vaxtkı baş prokuror tərəfindən bəyan edilmişdi. Sonra belə vəsaitin heç bütün  SSRİ məkanında olmadığını yaxşı bilən Rəsul Quliyev bu rəqmi yüz dəfə azaldaraq 5 milyarda endirmişdi.

İndi hamı bilir ki, Elçibəy hökuməti xalqın 5 qəpiyinə də xor baxmayıb.

Bu işlərin arxasında xüsusi xidmət orqanları dayanır. İşlərinə yaradıcı yanaşmadıqları üçün bu cür təxtibatlardan hər dövrün milli qüvvələrinə qarşı istifadə olunur.

1993-cü ildə Nemət Pənahlı demişdi ki, guya mənim Mərmərə dənizi üzərində villam var. O vaxt gənc idim, belə absurd böhtanlara o qədər də əhəmiyyət vermirdim. Bu yalanı təkzib etməklə, həmin villanı onun təşkilatına bağışladığımı deməklə kifayətləndim. İndi də mətbuat konfransında jurnalistlərə dedim ki, kimi təklif etsələr, Avropada  “mülklərimi” o adama bağışlayacam. Amma bunu deməklə kifayətlənmək fikrində deyiləm. Məhkəmələrə  müraciət olunacaq.

-Sizə qarşı irəli sürülən ittihamları dəfələrlə təkzib etməyinizə baxmayaraq, bu ittihamlar yenidən təkrarlanır. Sizcə bunun səbəbi nədir?

– Maraqlar müxtəlifdir. İqtidar yandaşları bu ittihamları daim diqqət mərkəzində saxlamaqla diqqəti iqtidara qarşı mübarizədən yayındırmaq, müxalifəti nüfuzdan salmaq istəyir.

Təəssüf ki, bu kampaniyada müxalifətdə olan opponentlərimiz, gündəmdə qalmaq istəyən bəzi syasətbazlar da iştirak edir.

Monitorinq aparsanız görərsiz, elələri var ki, yalnız bu mövzuda adları çəkilr, yalnız bu mövzunun müzakirələrinə dəvət alır. Sanki, bu mövzu olmasa o da yoxdur. Ona görə də bu mövzudan əl çəkmir.

-Almaniyada aparılan istintaq nəticəsində Müsavat AKM-in üzvü Mehdi Xəlilbəylinin həbs olunduğu təsdiqlənib. Sizcə ona qarşı iddialar əsaslı olmasa, onu həbs edərdilərmi?

– Bunu istintaq göstərəcək. Onun işini aparan prokuror da deyib ki, ona ittiham aktı elan olunarsa, məhkəmə qarşısına çıxacaq. Bu o deməkdir ki, Xəlilbəyliyə ittiham aktının təqdim edilməməsi də mümkündür.

– Sizə son hücumları Müsavat qərargahında sizin təşəbbüsünüzlə keçirilən Dəyirmi Masa ilə əlaqələndirənlər də var. Bu iddiaların əsası varmı? Dəyirmi Masa yenidən toplaşacaqmı?

– Müxalifətin konsalidasiyası ilk növbədə iqtirarın maraqlarına uyğun deyil. Əliyev rejimi müxalif düşərgədə çaxnaşma yaratmaq üçün fasiləsiz çalışır. Bu Dəyirmi Masa ideyasını müxalif düşərgədə də bəyənməyənlər oldu.

Təbii ki, istənilən təşəbbüs müəyyən müqvimətlə qarşılanır. Amma, Dəyirmi Masa ideyadı cəmiyyətin əksəriyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. İnsanlarda ümid yaratdı.

İndi Avropada yaşayan bir azərbaycanlının öz həmyerlisinin şikayəti əsasında həbs olunmasından istifadə edib üzərimizə total hücuma keçdilər. 

Diqqətimizi əsas istiqamətlərdən bir qədər yayındırmağa nail oldular.

Amma bu bizi mübarizədən çəkindirməz. Dəyirmi Masa vasitəsi ilə əldə olunan müxalifətin funksional əməkdaşlıq münasibətləri qorunub saxlanacaq. Bu prosesə yeni qüvvələr cəlb olunacaq, korrupsioner  rejimə qarşı mübarizəmiz qətiyyətlə  davam edəcək.

 

Basta