Müsavat İranda baş verənlərlə bağlı beynəlxalq birliyə çağırış etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib.

O, Müsavat Partiyasının 9-cu qurultayının protokolunun və müvafiq sənədlərin təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunduğunu bildirib. 

Daha sonra Müsavat başqanının müavini, qanunsuz olaraq həbs edilmiş Razim Əmiraslanlının apellyasiya məhkəməsi haqqında məlumat dinlənilib, onun noyabrın 26-da cəza müddətini başa vuraraq azadlığa çıxacağı qeyd edilib.

İclasda “miqrant işi” ilə əlaqədar Müsavat Partiyasının ünvanına irəli sürülən ittihamları araşdırmaq üçün yaradılmış Araşdırma Komissiyasının məlumatı dinlənib. Qeyd edilib ki, Komissiya indiyədək mətbuatda və sosial mediada səsləndirilən ittihamları araşdırmaqla yanaşı, belə ittihamlar irəli sürənlərə müraciət edərək, onlardan əllərindəki sübutları təqdim etmələrini istəyib. Bildirilib ki, Müsavat Partiyası və onun rəhbərliyinə qarşı atılan böhtanlarla əlaqədar məhkəmə orqanlarına müraciət ediləcək. Bununla bağlı müvafiq sənədlər hazırlanır. İclasda Komissiya üzvlərinə işin sürətləndirilməsi tapşırılıb.

İclasda həmçinin təşkilati məsələlər müzakirə olunub və bölgələrdə zona müşavirələrinin keçirilməsi barədə qərar qəbul edilib.

Toplantıda həmçinin İranda bahalaşma əleyhinə dinc etiraz aksiyalarının keçirilməsi və bundan sonra əhaliyə qarşı həyata keçirilən reprressiyalar müzakirə edilib. Müsavat Divanı İran rejiminin etirazları yatırtmaq üçün xüsusi qəddarlığa rəvac verməsi və bunun nəticəsində onlarla insanın ölməsi haqqında məlumatlardan narahatçılığını ifadə edib. Qeyd edilib ki, beynəlxalq birlik İran rejiminin bu zorakılığını və repressiyalarını durdurmaq üçün təsirli tədbirlər görməlidir. 

Sonda cari məsələlər müzakirə olunub.

Basta