AXCP fəalının cərimə kamerasına salındığı deyilir

Penitensiar Xidməti bu m\lumatı təkzib edir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmovu cərimə təcridxabasına (kars) salıblar.

Bu barədə AXCP-nin məlumatında deyir.

Partiya hesab edir ki, Aqil Məhərrəmovun cərimə təcridxanasına salınması onun müalicəsinə imkan verilməməsi barədə məlumatlar ictimailəşəndən sonra baş verib.

Aqil Məhərrəmov Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, Aqil Məhərrəmovun cəzalandırılması barədə deyilənlər yalandır:

“Mən araşdırdım, məlum oldu ki, Aqil Məhərrəmov cəzalandırılmayıb, cərimə təcridxanasına salınmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir.”

A.Məhərrəmovun müalicəyə ehtiyacı olduğu halda, ona lazımi tibbi yardım göstərilməməsi, Müalicə Müəssisəsinə köçürülməməsi haqda iddialara gəlincə, Mehman Sadıqov bunu da təkzib edir. O bildirib ki, istənilən məhkumun sağlam olması, səhhətində problem yaranarkən erkən vaxtda müalicə alması Penitensiar Xidmətin də marağındadır.

“Müalicə Müəssisəsinə köçürülmə həkim rəyi ilə olur. Həkimin göstərişi olanda Penitensiar Xidmət icra edir. Mümkün deyil ki, hansısa məhkumun tibbi yardıma ehtiyacı olsun, ona yardım göstərilməsin.”

Yaxınlarının bildirdiyinə görə, Aqil Məhərrəmov ayağını rahat şəkildə yerə basa bilmir, diz qapağı ətrafında sınıq və ya çatların olması ehtimalı var. O, ailə üzvlərinə bildirib ki, yeriyərkən müvazinətini saxlaya bilməyərək bir neçə dəfə yıxılıb:

“Müalicə müəssisəsinə köçürülməsi üçün dəfələrlə rəhbərliyə müraciət etməsinə baxmayaraq, hələ də heç bir tədbir görülmür,”

Bu il fevralın 27-də Saleh Rüstəmov qanunsuz sahibkarlıq və qanunsuz əldə olunmuş gəlirlərin leqallaşması ittihamları ilə həbs edilib.

Aqil Məhərrəmov və Babək Həsənov həmin ittihamlar üzrə üç il azadlıqdan məhrum olunublar.

AXCP hesab edir ki, əslində onları həbsdə olan fəalların ailələrinə maliyyə yardımı göstərdiklərinə görə tutublar. Hüquq müdafiəçiləri mühakimə olunanları siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə insaların siyasi mövqeyinə görə təqib olunmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu bəyan edib.