Azərbaycan Rusiya ilə 15 illik ticarətdən 21 milyard dollar valyuta itkisi verib

Nemət Əliyev, iqtisadçı ekspert

Rusiya bazarı böyük olar, yoxsa Azərbaycan bazarı? 150 milyona yaxın əhalisi olan ölkəyə mal satmaq imkanları çox olar, yoxsa 10 milyon əhalisi olan ölkəyə? Rusiya ilə Azərbaycan arasında aparılan ticarətdəki acınacaqlı vəziyyət bu ritorik sualları qoymağa məcburiyyət yaradır.

Məsələ bundadır ki, 10 milyonluq Azərbaycan bazarına Rusiya son 15 ildə hər il orta hesabla 2 milyard dollara yaxın mal satıb. Əhalisi 15 dəfə çox olan Rusiya bazarlarına isə Azərbaycan bu dövr ərzində vur-tut 460 milyon dollarlıq mal satıb. İmkanların, imkanlardan istifadə səviyyələri arasındakı fərqin böyüklüyünü təsəvvür edə bilirsinizmi? Diqqət edin, şərqdən qərbə 10 min kilometr, şimaldan cənuba 4 min kilometr məsafədə uzanan bir coğrafiyaya 4,3 dəfə az mal satmışıq.

Rusiya Federal Gömrük Xidmətindən verilən rəsmi məlumatların təhlili göstərir ki, 2004-2018-ci illərdə idxal etdiyimiz rus mallarına üst-üstə 28 milyard dollardan çox valyuta xərcləmişik. Azərbaycanın bu ölkəyə mal ixracından son 15 ildə əldə etdiyi valyuta qazancı isə 7 milyard dollara yaxın olub (Mənbə: http://customs.ru/folder/511). Axırıncı iki rəqəmin müqayisəsindən açıq şəkildə görünür ki, şimal qonşumuz ilə reallaşdırdığımız ticarətdən 21 milyard dollardan çox valyuta itkisi vermişik. Hər ilə orta hesabla 1,4 milyard dollar itki düşür.

Son 15 ildə Rusiya ilə ticarəti valyuta qazancı ilə başa vurduğumuz heç bir ilə təsadüf olunmur. Hər ili orta hesabla 60 faiz kəsirlə, itki ilə yola vermişik və zaman etibarı ilə bu itkilər böyüməkdə davam edib. Azərbaycan-Rusiya ticarətindən əmələ gələn valyuta itkisi, əgər 2004-cü ildə 480 milyon dollar olubsa, illik itkinin həcmi 2014-cü ildə 2,7 milyard dolların üzərinə qalxıb. 10 ildə valyuta itkisi 6 dəfəyə yaxın artıb. 2018-ci ilə qədər bu itki faizi müəyyən qədər azalsa da, 2019-cu ilin yanvar-sentyabr dövründə yenidən artmağa başlayıb.

Rəsmi məlumatların üzə çıxardığı bu acınacaqlı nəticələrdən ibrət alınmalıdır. Dövlət Neft Fondunun bu ölkədə batırdığı milyonlarla valyutanı da nəzərə alsaq, Rusiya ilə iqtisadi əlaqələrdən əmələ gələn itkilərinin daha iri miqyaslı olması üzə çıxar. Xarici valyutalara nisbətdə Azərbaycan manatının məzənnəsinin çox kövrək olduğu bir zamanda bir ölkə ilə ticarətdən külli miqdarda valyuta itkisi verməyin nə dərəcədə fəlakətli olmasının fərqinə varmalıyıq. Odur ki, iqtisadi təhlükəsizlik naminə Azərbaycan-Rusiya ticarət siyasətinə köklü dəyişiklik edilməlidir.

 

Yazı Nemət Əliyevin “Facebook” səhifəsindən götürülüb

Bastainfo.com