Razim Əmiraslanlı azadlıqda!

Bu gün Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, partiyanın Divan üzvü Razim Əmiraslanlı, ona kəsilən 15 sutka inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

Əmiraslanlı səhər saat 11-dək sərbəst buraxılmalı idi. Lakin Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Saxlanılanlar Təcridxanası, onu barəsində çıxarılmış həbs müddəti başa çatdıqdan sonra daha 8 saat qanunsuz olaraq həbsdə saxlayıb.

Bu haqda “Basta”ya Müsavat Partiyasından məlumat verilib.

Razim Əmiraslanlı Appellyasiya Məhkəməsində çıxış edərək, həbsinin tamamilə əsassız olduğunu bildirib.

O, Müsavat Partiyasının təyin etdiyi mitinq və piketlə bağlı noyabrın 10-da Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ertəsi gün isə 6-cı polis bölməsinə çağırılıb. Burada o, aksiyalarla əlaqədar sorğu-suala tutulub:

“Noyabrın 11-də rəis ilə söhbətdən sonra mənim barəmdə saxta protokol tərtib etdilər ki, guya mən Biləcəridə avtobus dayanacağında avtobusun arxasınca söyüş söymüşəm və polisə tabe olmamışam”.

 

Noyabrın 11-də tutulan Razim Əmiraslanlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.

Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.

Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də onlarla Müsavat funksioneri tutulub.

Noyabrın 12-si gündüz partiyanın başqanı Arif Hacılı da saxlanaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb və axşam saatlarında buraxılıb.

Həmin gün saat 15 radələrində bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.

Piketə cəhd zamanı və əvvəlki günlərdə tutulanlar azadlığa çıxsalar da, Razim Əmiraslanlı 15 sutkalıq inzibati həbsə göndərilib.