Arif Hacılı: “Aksiyada pencək üzərindən simvolik rəngi olan köynək geyinməkdə heç bir qəbahət yoxdur”

Müsavat Partiyasının başqanı Arif Hacılı dünən İlham Əliyevin BDU-nun 100 illiyi ilə əlaqədar keçirilən  yubiley tədbirində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müsavat başqanı bu haqda özünün “facebook” səhifəsində yazıb.

“2005-ci il parlament seçkilərində pencək üstündən narıncı köynək geyinməkdə ittiham edildik. Əvvəla, aksiyada pencək üzərindən simvolik rəngi olan köynək geyinməkdə heç bir qəbahət yoxdur. Bircə Parisdə “sarı jiletlər” hərəkatını xatırlatmaq kifayətdir. İkincisi, 2005-ci il seçkilərində təbliğat kampaniyası sentyabr oktyabr aylarına düşürdü ki, bu da Azərbaycanda köynək geyinmək dövrüdür. Seçki dövrü yalnız seçkilərdə yol verilən qanun pozuntuları və saxtakarlıqlara görə noyabrın sonunadək uzandı.
Üçüncüsü, bizim narıncı pencək, və ya narıncı palto almaq üçün pulumuz yox idi. Nəhayət, pencək üstündən köynək geyildiyini xatırlamıram.
2005-ci ilin son mitinqi də daxil olmaqla şəkillərə baxın, belə bir şey görürsüzmü?”, -Arif Hacılı bildirib.

Qeyd edək ki, İlham Əliyev BDU-nin yüz illiyi ilə əlaqədar keçirilən yubiley tədbirində bu sözləri deyib: “Özünü müxalifət adlandıran ünsürlər, AXCP-Müsavat cütlüyü “narıncı inqilab” dövründə, noyabrın şaxtasında narıncı maykaları pencəyin üstündən geyinmişdilər.”

Bastainfo.com