Arif Hacılıdan tələb: “Əvvəl islahat, sonra seçki”

“Seçki islahatları təkliflərinin qəbul olunmasını, yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə münasibət bildirərkən yazıb. 

“Bu parlament, əlbəttə buraxılmalıdır. Çünki, xalqın səsverməsi, iradəsi ilə yaranmamışdı. Amma, bunun əvəzində yenə eyni və ya oxşar parlamentin yaranmaması üçün əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir. Keçirdiyimiz Dəyirmi Masada və IX qurultayımızda irəli sürdüyümüz seçki islahatları təkliflərinin qəbul olunmasını, yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”.

Arif Hacılı məsələ ilə əlaqədar AzadlıqRadiosuna da video-müsahibə verib. Video-müsahibəyə aşağıdakı linkdən baxa bilərsiniz:

Milli Məclis buraxılır – Müsavat Partiyası başqanı Arif Hacılı şərh edir

Qeyd edək ki, bu gün YAP-ın siyasi şurasının təcili iclasında sensasion qərar qəbul edilib. İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.

Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq”.

Basta