Daha bir vəkilin fəaliyyəti dayandırılıb

Vəkil Şəhla Hümbətovanın fəaliyyəti dayandırılıb.  Bu barədə Turan-a Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar noyabrın 28-də qurumun Rəyasət Heyətinin iclasında Ş.Hümbətovanın vəkillik fəaliyyətində buraxdığı nöqsanlarla əlaqədar qəbul edilib.

Bundan əlavə, F.Nəcəfov bildirib ki, Ş.Hümbətova 6 aydan çoxdur ki, Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir. 

Vəkillər Kollegiyası bu əsaslarla onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib.  

Ş. Hümbətovadan şərh almaq mümkün olmayıb. O, hüquq-müdafiə fəaliyyətilə məşğul olması ilə tanınır.  Belə ki, bir sıra siyasi məhbusu, o cümlədən tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevi müdafiə edib.

Həmçinin inzibati işlər üzrə həbs edilən fəalların hüquqlarının müdafiəsilə bağlı proseslərə çıxıb. 

İndiyədək müxalifətçilərin işlərini müdafiə edən və vətəndaşların hüquqlarının pozulması ilə bağlı proseslərdə çıxış edən 10-a yaxın vəkil uydurma səbəblərlə öz səlahiyyətindən məhrum edilib.

 

Turan