Mustafa Hacıbəylinin feysbuk hesabı bloklanıb

“Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin feysbuk hesabı bağlanıb.  

O, hesabının feysbuk tərəfindən bloklandığını bildirib.

“Dünən “Basta” saytında İlham Əliyevin Qərb ölkələrinə qarşı çıxışı haqda xəbər yerləşdirmişdik. Bu xəbərin linkini feysbuk qruplarında paylaşdıqdan sonra hesabım bloklandı. Feysbukdan mənə daxil olan  bildirişdə bloklanmanın konkret səbəbi göstərilmir. Ümumi bir fikir yazılıb ki, sizin feysbukda funksiyalarınız spam probleminə görə müvəqqəti olaraq məhdudlaşdırılıb” – deyə, Mustafa Hacıbəyli qeyd edib.

Mustafa Hacıbəyli bunu trolların şikayəti ilə bağlı olduğunu guman edir: “Basta saytı hakimiyyətin hədəfindədir. Bilirsiz ki, NRYTN  bastainfo.com saytının bloklanması haqda qərar verib. Məhkəmə mənim barəmdə 5 il 6 ay müddətində şərti cəza haqqında hökm çıxarıb. Həmçinin bizim feysbuk səhifəmiz daim trolların hücumuna məruz qalır. Bəzi yazılara yüzlərlə trol şərhi yazılır. Bəzən isə bizim paylaşımlarımız trolların şikayəti əsasında “spam” kimi qələmə verilir və silinir. Bundan əvvəl “basta2.com” və “bastainfo.com” sözləri şikayətlər əsasında “təhqiramiz sözlər” siyahısına daxil edilmişdi. Bu sözləri nəinki status və şərh yerlərinə, hətta daxili yazışmada çata da yazmaq olmurdu. Amma çoxsaylı müraciətlərimizdən sonra problem həll olundu. İndi də profili bərpa etmək üçün feysbukun texniki xidmətinə müraciət etmişəm. Ümid edirəm ki, problem həll olunacaq”. 

Basta