Çingiz Sultansoy: “Rəşad Məmmədovun sözlərinə niyə inanmalıyam?”

Almaniyanın “Şpieqel” jurnalı xəbər verdi ki, böyük polis əməliyyatı nəticəsində Azərbaycandan qaçaq yolla Avropaya mühacir gətirmə ittihamı ilə iki azərbaycanlı həbs olunub, istintaq gedir. Almaniyada oturum almaq istəyən minlərlə azərbaycanlı vətənə göndərilib. Həbs olunanlar hələ mühakimə edilməyib, Müsavat Avropa Koordinasiya Mərkəzinə (AKM) qarşı rəsmi ittiham yoxdur, amma bu, Bakıdakı bir qrup media nümayəndələrinin müsavatçıları cinayətkar adlandırmasına mane olmur. Turan agentliyi dörd ildir ki Almaniyada yaşayan Çingiz Sultansoyla əlaqə saxlayıb. O, “Meydan TV”, Azadlıq Radiosunun rus versiyalarının redaktoru olub, Azərbaycanın bir çox aparıcı müstəqil və müxalif nəşrləri, o cümlədən “Monitor” jurnalı ilə əməkdaşlıq edib.

– Almaniyada yaşayırsıınız, hadisə iştirakçılarını bəzilərini şəxsən tanıya bilərsiniz. Əslində hər şey necə olub?

Çingiz Sultansoy– Hələlik yalnız o məlumdur ki, Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü Mehdi Xəlilbəyli və müsavatçı olmayan, “Legat” QHT-nin rəhbəri Əlövsət Əliyev bənzər ittihamlarla həbs olunublar.

Almaniyada tanış olduğum AKM sədri İlham Həsən azadlıqdadır. Həbib Müntəzirin ( tanınmış Facebook fəalı, “Meydan” TV-nin Berlində yaşayan əməkdaşı – red.qeydi) dediyi kimi, onun həbsi, və ya İ.Həsənin özünün bildirdiyi kimi, ümumiyyətlə, saxlanılmaması, ya da dindirilərək buraxılması barədə dəqiq məlumat yoxdur. Onunla nəhayət əlaqə qura bildim, saxlanıldığını və ittihamları bir daha təkzib etdi.

Məlumdur ki, AKM iclas keçirib və M.Xəlilbəylini pisləyib, Müsavat isə bunun hamısını araşdırmaq üçün komissiya yaradıb.

– Facebook şəbəkəsində çap olunan alman sənədi ilə bağlı nə deyə bilərsiniz?

– Facebooka fotosurəti çıxarılan sənədlə tanış oldum.  Bu, həmin iş üzrə ittiham olunan şəxslərdən biri Rəşad Məmmədovun mənzilində axtarış aparılması barədə Koblenz məhkəməsinin qərarıdır. Onu mənimçün tərcümə etdilər. Sənəddən belə çıxır ki, ittiham və istintaq əsasən elə Rəşad Məmmədovun ifadələrinə söykənir. R.Məmmədovun isə doğruluğuna şübhə edirəm, həm də bilərəkdən yalan və dezinformasiya yaymasıyla bağlı ciddi şübhələrim var. Digər tərəfdən, həmin sənəddə qeyd olunur ki, polis onun dediklərini tutarlı sayıb. Hesab edirəm ki, Almaniya polisi məsələni ətraflı öyrənməsəydi və ciddi səbəb olmasaydı istintaqa və həbslərə başlamazdı. Qeyd edim ki, kiminsə həbsi hələ onun cinayətkər olmasının sübütü deyil, eləcə də kiminsə azadlıqda qalması hələ ittihamın olmaması demək deyil. Konkret nəsə demək üçün hələlik az şey bilirik.

R.Məmmədovla bağlı konkret ciddi şübhələrimsə İnternetdə  İsmayıl Cəlilovun “Düz danışaq” televiziya verilişində baxanda, Məmmədovun danışdıqlarını eşidəndən sonra yarandı.

İsmayıl Cəlilovun verilişinə burada baxmaq olar: https://www.youtube.com/watch?v=Vgke5z41vz8&feature=youtu.be&fbclid=IwAR3-sQlDKICtZcn7IVnKsmaVV85zj5Ud_gr8sv6E3d_6TRDh1n9c7JDX-cI

– Şübhələriniz nəyə əsaslanır?

– Sadalayıram:  

1. Müsahibədə R.Məmmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu deyib. (Verilişin 1 saat 11 dəqiqə 08-ci saniyəsindən sonra). “Mən də müxalif bir insan, özüm də cəbhənin üzvüydüm”. Bu adam o qədər müxalif düşüncəlidir ki, kiminsə Müsavatdan olduğunu biləndə, qəlbində xoş hisslər yaranır, onun hər sözünə etibar edir (1 s.11 dəq.30 san). “…kimsə Müsavatdan ola, onun öndəgedənlərindən ola … adam onun hər bir dediyini, üzr istəyirəm bu ifadəyə görə, Allahın yazdığı qanun kimi qəbul eliyir”

2. Sonra R.Məmmədov bildirir ki,  “Düz danışaq” telekanalında çıxış etmək qərarına məhz bu qarışıq məsələyə aydınlıq gətirmək və hamıya həqiqəti göstərmək üçün gəlib. Onun sözlərinə görə, həqiqət ondan ibarətdir ki,  partiya və AKM sənəd alveri edir, AKM Almaniyada və digər ölkələrdə siyasi mühacir statusu əldə etmək istəyənlərə xidmət göstərir, burada kəşfiyyat agentlərini yerləşdirir (!).

Buna görə də istintaqda təkcə kriminal polis deyil, həm də Almaniyanın əks-kəşfiyyatı iştirak edir. Burada yerləşdirilən bəzi agentlər isə təhlükə hiss etdən kimi Azərbaycana qayıtdılar (1.47.10 və 1.48.10).

3. Bu həqiqətləri Rəşad Məmmədov həqiqət tərəfdarı olduğu üçün deyir. O, müxalifətçidir, ədalət uğrunda mübarizdir.

Aparıcı İ.Cəlilovun “Bütün bunları niyə danışmağa başladınız?” sualına Rəşad Məmmədov cavab verir ki, AKM-də baş verən haqsızlıq səbəbindən.  “Əyər haqlı insan qala-qala nahaq insan haqqı bərqərar olursa, o zaman biz Azərbaycanda qalardıq, ən azından… Azərbaycanda da həmən avtoritar rejim. Gəldik burada öz sözümüzü deyək, burada mübarizəmizi davam etdirək” (1.27.35 ).

4. R.Мәммәдов “ürək sözünü” deyir: İlham Əliyev erməni yezidi kürdü hakimiyyətinin iqtidarda olmasının ən böyük dəstəkçisi müxalif liderlərdir!” (2.05.02)

5. Sonra R.Məmmədov danışır ki, 2018-ci il yanvarın 23-də vədin yerinə yetirilməməsi və pul zəminində olan münaqişədən sonra M.Xəlilbəyli daha birilə onun evinə hücum edib, kəllə-beyin xəsarəti yetirib, qolunu sındırıb, bıçaqla vurub, azyaşlı qızına təpik dəyib, uşaq keçirdiyi şokdan indiyədək sağalmayıb. Məmmədov həmçinin deyir ki, reanimasiyaya düşüb, on iki saatdan sonra özünə gələndə xəstəxanadan qaçıb, hesab sormaq üçün M.Xəlilbəylinin evinə gedib (2.18.20 – 2.21.07).

– Rəşad Məmmədovun dedikləri üzərində bir belə ətraflı dayanmağa dəyərmi?

– Dəyər. Mən Məmmədovun dediklərinə ona görə belə önəm verirəm ki, bu sözlər onun adına olan və şəbəkəyə çıxarılan məhkəmə sənədindən daha çox mətləbləri anladır. Onu da qeyd edim ki, İnternetə qoyulan istənilən önəmli sənədin fotosurətinə və başqa surətlərə şübhə ilə yanaşıram, çünki onları yoxlamaq mümkün deyil. Gəlin Məmmədovun dediklərində gəzişək.

Kiçik bir sorğu göstərdi ki, bu Rəşad Məmmədov Xalq Cəbhəsi Partiyasının üzvü deyil və heç zaman olmayıb. Bu, ağ yalandır, Rəşad Məmmədov da yalançı! Bu yaxınlarda həbsdən azad edilmiş tanınmış cəbhəçi, AXCP sədrinin müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimdən soruşdum və o mənə bildirdi ki, Rəşad Məmmədov heç zaman partiyanın üzvü olmayıb.    

– Cəbhəçiliyi təkzib olundu?  

-Bəli. Bu birinci və önəmli yalandır, amma axırıncı deyil. Maraqlı detal – Rəşad həqiqətən də Məmməd İbrahimin yanına gələrək partiyaya üzv olmaq istəyini bildirib. Lakin öz davranışı və sözləri ilə məhz mühacirət üçün partiyaya üzv olmaq, Avropada gərəkli olası sənədləri əldə edib getmək niyyəti barədə şübhə oyadıb. R.Məmmədov özünü müxalif göstərmək üçün hətta AXCP-nin stadiondakı mitinqinə gəlib, bayraq götürüb, Məmməd İbrahimlə və partiyanın digər görkəmli üzvləri ilə şəkil çəkdirib və s. Eyni zamanda israrla xahiş edib ki, heç olmasa ona AXCP üzvlüyünə namizəd anketi verilsin. Amma R.Məmmədovla bir neçə söhbətdən sonra nəticədə partiyaya qəbul etməyiblər, heç anket də verməyiblər.

İndi bu “müxalif və həqiqətpərəst insan” AKM-də iştirak etdiyi arayış alverindən danışır, bizi bu sözlərin həqiqiliyinə və düzgünlüyünə inandıracaq  “detalları” açıqlayır və  deyir ki, “Müsavatı daxildən təmizləmək” istəyir.

Soruşan lazımdı ki, əgər Müsavat və üzvləri Rəşad üçün bu qədər dəyərli və əzizdirsə, niyə Müsavat Partiyasına yox, Xalq Cəbhəsi Partiyasına üzv olmaq istəyib?

R.Məmmədov özünün də iştirak etdiyi alçaq olaylar və detallar barədə danışır, aparıcı İ.Cəlilov verilişdə sözünü kəsməsə də, sonradan buna görə üzr istəyib.

– Mübarizəsini davam etdirmək üçün Avropaya gələn Rəşad Məmmədovun açıqlamaları…

– Bəli, Azərbaycandakı avtoritar rejimdən qaçıb, “sözünü demək, mübarizəni davam etdirmək” üçün bura gələn “dürüst insan”. Amma hansı söz? Hansı mübarizə? Mübarizəni necə aparıb? Ümumiyyətlə, vətəndə nə edib ki, siyasi sığınacaq istəyir? Dürüst insan cinayət əməllərində iştirak edərmi?  R.Məmmədov bu barədə susur, aparıcı İ.Cəlilov nədənsə soruşmur. Məmmədov hüquq təhsilinin olduğunu bildirir və uzun müddət hüquq-mühafizə orqanlarında işlədiyini, hətta qardaşının polis olduğunu dilə gətirib. Hüquq-mühafizə orqanlarının  müxalif əməkdaşı, qardaşı da polis. Super! Guya qardaşını Rəşadın müxalifətçiliyinə görə işdən çıxarıblar. Bəli, belə də olur, ancaq nadir hallarda. Və bir qayda olaraq həbs, işgəncə ilə başa çatır –  Rüfət Səfərovun taleyini xatırlayaq. Ancaq R.Məmmədov yaxşı tanıdığımız, mərd insan və vətəndaş Rüfət Səfərov deyil, ola da bilməz – Məmmədov öz problemləri barədə danışmır, yalnız həqiqət və ədalət uğrunda mübarizəsiylə bağlı bəlağətli ümumu sözlər, pafoslu şüarlar atır. Bir də hakimiyyətə və  İ.Əliyevə kömək edən müxalifət liderlərinə qarşı ittiham- mülahizələr yürüdür. Bu, nədən xəbər verir?

– Nədən?

– İndi ona da çatırıq. Mehdi Xəlilbəylinin hücumu və xəstəxanadan qaçma epizodu, voobşe bir nağıldı ya da hind filmi. Elə AFR əks-kəşfiyyatının “oturum” almaq istəyən azərbaycanlılar arasında “agent” axtarışı da. Bəs kəllə-beyin travması, çoxlu bıçaq yarasıyla, sümüyü qırıq-qırıq, gipsdə olan qolla 12 saatdan sonra reanimasiyadan qaçmaq və M.Xəlilbəylinin üstünə hesab sormağa getmək? Siz buna inanırsınız? Bu, Bollivud filmlərini sevənlər üçündür, ağlı başında olan adam buna inanmaz. Təəssüf ki, bu məqam da aparıcıda heç bir şübhə və sual doğurmadı…

Bu iş üzrə ittiham olunan şəxslərdən biri kimi, “Azərbaycanda və Avropada həqiqət və ədalət uğrunda mübarizə aparan” Rəşad Məmmədovun bircə sözünə belə niyə inanmalıyam? Bəli, o deyir ki,  Xəlilbəylinun sürücüsü olub, onun “toruna düşərək” tapşırıqlarını yerinə yetirib. İki diplomu olan, 5 dil və kömpüteri bilən, həqiqət aşiqi, mübariz insan, sabiq hüquq-mühafizə orqanları əməkdaşı niyə kiminsə toruna düşməlidi ki? 2014-cü ildən “Xəlilbəylinin bandasında” çalışan Rəşad Məmmədov dürüstlüyü və həqiqətpərəstliyini necə oldu belə qəfildən xatırladı? Şef onun başını yarandan, qolunu qırandan, bıçaqlayandan sonra? Ard-arda yalanlar, böhtanlar düzən, sadəlövh və maymaqlarçün nağıl danışan bu adamın bircə sözünə niyə inanmalıyıq?

– Bu halda deyilənlərin məqsədi Mehdi Xəlilbəylidən qisas almaqdı?  

– İstənilən halda yalnız qisas deyil. Hazırda R.Məmmədov fəal istifadə olunur, onun yalan-böhtanları üzərində verilişlər hazırlanır, yazılar dərc olunur, şəbəkələrdə ittihamlar yağdırılırr, buna trollar da qoşulub, bütöv bir  qarayaxma kampaniyası gedir. Ümumiyyətlə, bütün bunların arxasında təkcə Müsavat rəhbərliyini deyil, – əksi iddia edilsə də, – partiyanın özünü, eləcə də digər aparıcı müxalifət partiyalarını ləkələmək istəyi sezilir. Bu, bir tərəfdən. Digər tərəfdən, Müsavat və AXCP arasında nifaq salmaq. Bu, kimə sərfəlidir? O da bəlli – Azərbaycan hakimiyyətinə. Növbəti təxribatçını ortaya çıxarıb qalmaqal yaratmaq və müxalifət partiyasını gözdən salmaq, nüfuzuna xələl gətirmək. Partiyanın adı bütün hakimiyyət və hakimiyyətə yaxın KİV-lərdə hallanır, hətta hökm çıxarıblar da, Müsavatın barəsində hökmü əvvəllər də çıxarıblar, dəfələrlə. Lakin partiya ayaq üstədir,  hakimiyyətdə narahatlıq doğurur, odur ki, onun nüfuzuna zərbə vurmağa çalışırlar. Hər şey göz qabağında.

– Rəşad Məmmədovun dedikləri yalandırsa, niyə məhkəmə qərar verib, istintaq başlayıb?

– Mən Rəşad Məmmədovun verilişdə dediyi yalanları diqqətinizə çatdırdım. Məhkəmə qərarına aid də suallarım var, amma ondan danışmaq hələ tezdir. Unutmayın ki, biz sənədin özünü yox, onun fotosurətini görmüşük, bu eyni şey deyil. Və orada Müsavat başqanı Arif Hacılının Almaniyada evi olması barədə heç nə yazıılmayıb, amma bu “Düz danışaq” verilişində deyilib, başqa yerlərdə vurğulanır və s. Dəqiq məlum olan, istintaqın başlaması, iki nəfərin həbsidir, qalan hamısı sübut sayıla bilməz. Amma bu yalan və böhtan kampaniyasını ifşa etsək belə, Müsavat rəhbərliyinə ünvanlanan ciddi suallar qalmaqdadır.

– Məsələn?

– Müsavat Partiyasının şəxsən tanıdığım və etibar etdiyim üzvləri, toplumda yaxşı tanınan, nüfuzları olan Tofiq Yaqublu və Yadigar Sadıqlı AKM və partiya rəhbərliyini təsadüfi insanlara arayış verməkdə, partiyaya qəbul etməkdə ittiham edirlər. Bəylər bu barədə Almaniyadakı həbslərdən və qalmaqaldan xeyli əvvəl danışıb, partiya qurultayında da səsləndiriblər, bu onların sözlərinə daha artıq tutar verir. Bunu Almaniyada yaşayan Yafəs Əkrəmoğlu da deyir. Onlar suallar verirlər, partiya rəhbərliyinin verdiyi cavablar isə soruşanları qane etmir. Bütün bunlar müstəqil və müxalif telekanallar və Facebook üzərindən baş verir.

Mənim də suallarım var. Məsələn, niyə Müsavat rəhbərliyi Yadigar Sadıqlı və Tofiq Yaqublunu söhbətə dəvət edib, onları qane edəcək dəqiq cavablar və izahatlar vermir? Təkcə Yadigar Sadıqlı və ya Tofiq bəy üçün məzkur 197 nəfər siyahısını açıqlamaq olmazmı? Ya heç olmasa bu siyahının bir hissəsini? Və ya görmək istədikləri digər sənədləri onlara göstərmək olmazmı? Partiya rəhbərliyi təklif edir ki, əgər Yaqublu və Sadıqlıda hər hansı sənəd varsa, onları komissiyaya təqdim etsinlər, amma Yadigar bəyin “Komissiya üzvləri kimlərdir?” sualına cavab verilmir. Komissiya üzvlərinin adlarını niyə açıqlamaq olmaz? Əgər gizlədiləsi bir şey yoxsa, bu məxfilik nəyə lazımdır? Niyə tənqidçilərdən heç olmasa birini – ya Yadigar Sadıqlını, ya da Tofiq Yaqublunu bu sənədlərlə bağlı komissiyaya üzv eləmirlər? Partiyadaxili diskussiyalar niyə telekanallar və sosial şəbəkələrdə bu qədər uzanmalıdır?

Axı bu suallara verilən konkret və dəqiq cavablar hakimiyyət KİV-lərində, şəbəkələrdə trollar və s müxalifətə, onun bəlalarına və problemlərinə indiyəcən laqeyd olan adamlar tərəfindən hey şişirdilən şayiələrə son qoya bilər. Hər iki tərəf – Müsavat rəhbərliyi və onları tənqid edən üzvləri bu diskussiyaların partiya nüfuzu üçün, yumçaq desək, çox xoşagəlməz olduğunun fərqindədilərmi? 

Turan