Mərdi qova-qova namərd edə bilməyəcəksiz

Qorxmaz Beydullayev

AKM-in sıravi üzvlərinə qarşı hücum və ya Azərbaycanda siyasi fəaliyyəti olmayıb Avropada mühacir həyatı yaşayanlar haqqında

Son günlərdə saxta sənəd qalmaqalından dəqiq bir fakt ortaya qoya bilməyən böhtançılar əvəllər hər hansı bir siyasi fəaliyyətdə olmayan bəzi sıravi AKM üzvlərinə qarşı hücumlara başlayıblar. Bu barədə bir az uzun olsa da yazmaq istədim.

Ta qədim zamanlardan xalq olaraq bir araya gəlməkdə çətinlik çəkdiyimizi tarixdən az-çox anlayışı olanlar bilir. Tarix boyu bizə aid olan torpaqlarda kiçik dövlətlər, xanlıqlar yaratmış, düşməndən daha çox bir-birimizə qarşı mübarizə aparmışıq. Hətta fürsətçil ermənilər belə bu gün sosial şəbəkə üzərində gedən müzakirələrdə tariximizin sadəcə 1918-ci ildən bəri olduğunu, o vaxta qədər Azərbaycan adlı bir yerin, xalqın olmadığını iddia edirlər.

Bu problemlər xaricdə yaşayan, işləyən və mühacirət edən insanlarımız arasında olıan münasibətlərdə də özünü güstərməkdədir. Xüsusilə 90-cı illərin sonundan ən çox xaricə axın Rusiyaya oldu. “Xaricdə yaşayan azərbaycanlılar birlik göstərmir” ifadəsi məhz elə Rusiyadan başladı. Bu günə qədər Rusiyada neçə-neçə azərbaycanlının nələrinsə üstündə bir-birlərinə nələr etdiyini, hətta öldürüb öz ailəsi üzərinə göndərdiyini belə hamımız yaxşı bilirik.

Son illərdə daha çox Avropaya üz tutan xalqımız eyni problemləri bura da gətirib çıxartdı. Xüsusilə facebook üzərində bunun daha aşkar şəkildə şahidi oluruq.

AKM-in yaranması azərbaycanlıların ən çox Avropaya gəldiyi dövrə təsadüf etdi. İlk olaraq AKM-i yaratmaq üçün keçmiş müsavatçılar bir araya gəlsə də, bir müddətdir ki, mühacirət etmiş və həmin o köhnə müsavatçılarla artıq eyni bölgədə yaşayan və dostluq münasibətləri quran digər Müsavat üzvü olmayan kifayət qədər insan da öz dəstəyini verdi. Hansı ki, onların sayı ümümilikdə Avropaya köç etmiş həmyerlilərimizin 3-4 faizini təşkil edirdi.

Təəssüf ki, bu gün Avropada bəlkə də minlərlə azərbaycanlı ölkədəki vəziyyətə biganə yanaşır, sakit həyat tərzini seçib heç kəsə qoşulmur, xüsüsilə rahat Azərbaycana gedib-gələ bilmək üçün siyasi məsələlərdən qaçır,  bəzi hallarda rejimi dəstəkləyirlər. Eyni zamanda yüzlərlə həmyerlimiz kriminal işlərlə maşğul olub, həbs olunur, Azərbaycanın adına xoş olmayan hərərkətlər edirlər.

Belə olduğu halda sayı heç üç yüzü keçməyən bu insanları qınamaq, Azərbaycanda siyasi fəaliyyət göstərmədikərini deyib, onları saxta mühacir adlandırmaq məsələnin tam məğzini anlamamaqdan irəli gəlir. Bəli, o insanların içində siyasi fəaliyyət göstərib, oturum alıb uzaqlaşanları da qeyd etməliyik. Belə insanlarla AKM həmişə mübarizə aparıb, xəbərdarlıq edib. Hətta məhkəməyə həmin şəxslər haqqında məlumat veriləcəyi dəfələrlə bildirilsə də, heç bir xeyri olmayıb. Bu da dolayısı ilə xalqımızın birləşə bilməmə problemindən qaynaqlanır. Ancaq AKM kifayət qədər vətənpərvər, mübariz insan qazanıb və rejimə qarşı həmin şəxslərlə birlikdə mübarizə aparır.

Bu gün həmin şəxslərin içində keçmiş hərbiçi və polisin olmasını qeyd edib saxtakarlıqda suçlamaq isə bir ayrı dərddir. Təsəvvür edin ki, mitinqdə bir polis xalqın tərəfinə keçir. Bu polisin keçmişi araşdırılmadan qəhramana çevriləcək, elə də olmalıdır. Ancaq həmin polis sistemdən bezib Avropaya gəlib niyə də sistemə qarşı vuruşmamalıdır? Mühacirət edəndən sonra sakit kənara çəkilib öz keyfini sürən polis, hərbiçi, keçmiş dövlət işçisi azdırmı? Biz bu mübarizədə qazanan tərəf olmalıyıq. Güclü olmaq üçün çox olmalıyıq.

Eyni zamanda mühacirətdə olub və Azərbaycanda tanınmayan insanlara ən çox verilən sual onların mühacirət səbəbidir. Bu nə düşüncə tərzidir? Bu nə savadsızlıqdır? Mühacirət təkcə siyasi fəallar üçündür? Siz demirdinizmi hər kəsin qapısı döyüləcək? Qapısı döyülən yalnız siyasətçilərmi olur? Hərbidə azmı haqsızlıq, şərləmə var? Bəzən hərbçilərimiz heç nədən məhkəməyə çıxarılmayıbmı, vətən xaini kimi tutulub, öldürülməyibmi? Hansısa vəzifəlinin yeyintisinə görə şirkətlərin borcu günahsız adamların belinə yüklənməyibmi?

Bu nə ikiüzlülükdür? Siz deyildinizmi ki, “Avropadan azərbaycanlılar öz ölkəsinə qayıtmasın deyə hətta canına belə qıyır” deyən? Problemi olmayan özünə xəsarət yetirərmi? Lap heç bir problemi olmayıb, ancaq övladına bez belə ala bilməyən bir insan hər şeyini satıb bura gəlib bir xoş gün görübsə və hətta ölkədəki haqqsızığa göz yummayıb mübarizəyə qoşulubsa, sizin dərdiniz nədir? Qalıb mübarizə aparsa, ona dəstək verib övladlarına baxacaqsınızmı?

Ölkədə yeməyə çorək tapmayan azmı insan var? Problem yoxdursa niyə müxalifətçisiniz?

Heç bilmisinizmi sizin o saxta adlandırdığınız insanlarla birləşib nə qədər xeyriyyə işləri görmüşük? Heç birilsinizmi burda rəhmətə gedən neçə insanın Azərbaycana göndərilməsinə yardım olunub? Yaxşı bilirsiniz. Amma qərəzlisiniz.

Əmin olun ki, mərdi qova-qova namərd edə bilməyəcksiz.
AKM-də problemlər var. Ancaq bu çoxlarının düşündüyü sənəd satmaq deyil. Allah şahiddir ki, heç bir üzvdən nə sənədə, nə də hər hansı bir dəstəyə görə ödəniş alınmayıb, xeyir güdülməyib. Tələb olunanlar isə mitinqə gəlmək, tədbirlərə qatılmaq və aylıq ödəniş haqqı olub. Hər bir təşkilatda olduğu kimi bizdə də müəyyən səhvlərdən nəticələnən ciddi problemlər var ki, rəhbərlikdə təmsil olunan hər kəs bunu dərk edir. Bu səhvlərin bir daha olmaması, bu səhvlərdən nəticə çıxarıb daha güclü şəkildə mübarizə apara bilmək üçün hər birimiz əlimizdən gəldiyi hər şeyi edəcəyik. Bu böhrandan tezliklə çıxıb Avropadakı ən böyük və ən güclü Azərbaycan təşkilatı olmağımızı hər kəsə sübut edəcəyik.