1993-cü ildən tanış olduğumuz texnologiya

Vaqif Hacıbəyli

“Yeni Musavat” qəzeti və Musavat com saytı Musavat Partiyasına qarşı, xüsusilədə partiya başqanı Arif Hacılıya və partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyliyə qarşı qərəzli və şantaj xarakterli yazılarını davam etdirir. Musavata, arayış olayına yaxından, uzaqdan heç bir aidiyyatım olmadığı halda, məni də hədəf seçib adımı bu olayda hallandırdılar. Bu gün təzə “paraşa” yayıblar. Almaniyadakı hansısa məhkəmədə, naməlum miqrant guya AKM-i “yıxıb sürüyüb”(elə belə də yazıblar), guya həmin naməlum miqrant hakimin sualına cavab olaraq deyib ki, Arif Hacılının da bundan xəbəri olmaya bilməz. Əslində heç bir konkret fakta söykənməyən boş – boş sözlər. Özünə hörmət edən heç bir KİV bunu məlumat kimi dərc etməz. Amma irticanın əsas ruporu olan “Yeni Musavat” qəzeti və Musavat com. saytı bunları dərc edir. Səbəb nədir? Niyə bəzi adamlar dəridən – qabıqdan çıxıb bizlərə çamur atmağa çalışır, hansısa kompramat əldə etmək üçün özünü oda közə vurur.

Bədxahlarımızı qəzəbləndirən əsas faktor bizlərin sınmamağımız, irticaya qarşı dik duruşumuzdur. Bir çoxlarını qəzəbləndirən musavatçıların məhz siyasi mühacir məsələsində də prinsipial mövqe tutması, bəzi adamların siyasi oyunbazlıqlarına imkan verməmələridir. Avropadakı musavatçılar Eldəniz Yusubovun və Sərdar Agayevin son müsahibələri mənim bu qənaətimi daha da möhkəmləndirdi.

İndi adı bu olayla bağlı hallanan çox adamları, o cümlədən Gülaga Aslanlı bəyi çox yaxşı tanıyıram. Dəfələrlə əlillər üçün nəzərdə tutulan pulsuz sanatoriyada birlikdə müalicə olunmuşuq. Yəni, onun maddi durumu barədə yaxşı xəbərdaram və inanın ki, bu durum heç də ürəkaçan deyil.Əks -təqdirdə yarıuçuq müalicə müəssisəsinə getməzdik, elə Azərbaycanda daha yaxşı sanatoriyalar tapardıq. Bizlərdən arayış satıb sərvət sahibi olan adamlar kimi rəy yaratmaq, otellər, mənzillər sahibi kimi təqdim etmək ictimai rəylə çirkin manipulyasiya cəhdindən başqa bir şey deyil.Təəssüf ki, bu çirkin kompaniyada iştirak edənlərin bir çoxu hələ də mövqelərinə siyasi qiymət verilməyən musavatçılardı.

Əslində, bu bizə 1993-cü ildən yaxşı tanış olan bir siyasi texnologiyadır. 4 iyun qiyamında istifadə olunan çirkli siyasi texnologiya faktiki milli qüvvələrin irticaya təslim edilməsinə səbəb oldu. Heç kəs qiyama qarşı söz deyə bilməsin deyə parlament iclasında spikerə “Sənin əlin qana batıb, sən danışma” deyən Etibar Məmmədovla, bu gün Musavata qarşı böhtanlara etirazını bildirənləri “ictimai qınaq siyahısı”na salan şərbazları təbliğ etmək, onların iftiralarını tirajlamaq eyni irticaçı mahiyyət daşıyır.

Hazırda “Yeni Musavat” qəzeti və Musavat com saytı Musavat Partiyasına qarşı bu irticaçı təbliğatın avanqard qüvvəsidir. 4 iyun qiyamında həlak olanların yalnız hökümət qüvvələri olduğu halda, 69 nəfəri tankların əzdiyini iddia edirdilərsə, bu gün cəmiyyətə ziyalı kimi təqdim olunan, əslində isə Musavatı içəridən parçalayan şəxlər də, eyni uğurla İmam Mustafayevin, Etibar Məmmədovun 4 iyun qiyamında oynadığı “ziyalı” funksiyasını yerinə yetirməklə, faktiki xüsusi xidmət orqanları tərəfindən yönləndirildiyi məndə zərrə qədər də şübhə yaratmayan iftira kompaniyasına legitimlik gətirməklə məşğuldular. Amma bu onlara heç bir nüfuz gətirməyəcək. Partiyanın son qurultayındakı siyasi fiaskoları da bunu təsdiq etdi.