Avropaya qaz nəql etmək üçün TANAP işə salınıb

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP (Transanadolu qaz kəməri) qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyə prezidentləri, Gürcüstanın baş naziri iştirak ediblər.

“TANAP layihəsi enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, Gürcüstanın tranzit funskiyasının önəmini daha da artırır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artım, yeni iş yerləri və milli təhlükəsizliyi təmin etməkdir ki, TANAP layihəsi də bütün bu tələblərə cavab verir: “Gürcüstan üçün yalnız iqtisadi, siyasi, sosial və mədəniyyət planında deyil, energetika sahəsində də körpü rolunu oynamaq xüsusi əhəmiyyət kəsb edir”.

G.Qaxaria qeyd edib ki, TANAP layihəsi artıq Avropa sərhədlərinə çatıb və Azərbaycan qazının Gürcüstan vasitəsilə nəqlinə imkan verəcək.

Baş nazir layihənin Gürcüstanın siyasi, təhlükəsizlik və iqtisadi baxımdan güclənməsinə və inkişafına dəstək olacağını da deyib.