Əli Həsənov vəzifəsini niyə itirdi?

Noyabrın 29-da Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu. Məlum oldu ki, yeni strukturda bəzi dəyişiklik edilib və bir sıra şöbələr ləğv edilib.

Ölkə başçısının müvafiq sərəncamları ilə Prezidentin yeni köməkçiləri və Administrasiyanın yeni şöbə müdirləri təyin olundu.

Modern.az saytı Prezident Administrasiyasında ləğv edilən şöbələr və onların rəhbərləri barədə kiçik bir araşdıarma aparıb. Onlar vəzifələrini niyə itirdilər?.. Sualın birmənalı cvabı yoxdur.

Prezident Administrasiyasın ləğv edilən şöbələrindən biri İctimai-siyasi məsələlər şöbəsi oldu. Bu ləğvetmə nəticəsində həmin şöbənin müdiri – Prezidentin  köməkçisi Əli Həsənov vəzifəsini itirdi. Dövlət başçısı bununla bağlı ayrıca sərəncam da imzaladı.
Əli Həsənov düz 24 il idi ki, Prezident Administrasiyasında çalışırdı. O, 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub. 1996-cı ildən isə bu şöbəyə rəhbərlik edib.
2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlandırılıb.
Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə  Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.
59 yaşlı Əli Həsənov hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür…

Onun vəzifədən çıxarılması sosial mediada müxtəlif cür şərh edilməkdədir.
Bəziləri son vaxtlar cənab Həsənovun rəhbərlik etdiyi şöbənin işindən ciddi narazılığın formalaşdığını əsas gətirərək, belə bir sərəncamın verildiyini iddia edir.
Əli Həsənovun özü isə vəzifədən uzaqlaşdırılmasını mətbuata şərh edərkən deyib ki, o, son 3 ildə prezidentdən bir neçə dəfə xahiş edib ki, onu vəzifəsindən azad etsin. Və məhz indi dövlət başçısı onun müraciətimi nəzərə alıb.

“Son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır.
Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, – onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, – məni azad elədi. Buna görə də ona təşəkkür edirəm”, – Əli Həsənov deyib.

Yeri gəlmişkən, ləğv edilən İctimai-siyasi məsələlər şöbəsi siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat sahəsini kurasiya edirdi. İndi bu şöbənin səlahiyyətləri Administrasiyada yaradılan iki yeni şöbəyə həvalə edilib:

Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi (hələ ki təyinat olmayıb); Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi (şöbə müdiri Ədalət Vəliyev)…