Müsavat Məclisinin növbədənkənar sessiyası çağırıldı

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətində “Basta”ya daxil olan məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib.

İclasda Müsavat başqanı Arif Hacılının təşəbüsü ilə “Növbədənkənar seçki: İştirak yoxsa boykot” mövzusunda Dəyirmi Masanın keçirilməsi təqdir edilib, bu tədbirə hazırlıq müzakirə olunub. 

Divan üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məsələsini müzakirə ediblər. Müzakirələr nəticəsində şənbə günü,  dekabrın 7-də saat 12:00-da Müsavat Məclisinin növbədənkənar sessiyasının keçirilməsi barədə qərar qəbul edilib. 

İclasda həmçinin siyasi məhbusların hüquqlarını müdafiə edən daha bir vəkil Şəhla Hümbətovanın Vəkilər Kollegiyasından kənarlaşdırılması haqqında məlumat dinlənilib. Divan Şəhla Hümbətovaya qarşı təzyiqləri Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib və hakimiyyətdən buna son qoyulmasını tələb edib. 

İclasda həmçinin miqrasiya problemi ilə əlaqədar partiyaya qarşı irəli sürülən ittihamlarla əlaqədar yaradılmış Araşdırma Komissiyasının məlumatı dinlənilib.

Basta