Azərbaycan Avropa Məhkəməsi qərarlarının icra edilməməsi məsələsində liderdir

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qərarlarının icra edilməməsi məsələsində rəqibsiz liderdir.

Bu haqda özünün feysbuk səhifəsində hüquqşünas Xalid Ağalı yazıb.

“AİHM qərarlarının icrasına görə, Azərbaycan məhkəmənin yurisdiksiyasını qəbul etmiş ölkələr sırasında ən pis göstəricilərə malik olanıdır. Azərbaycan qərarları icra etməyən ölkələrin sıralamasında 1-ci pillədədir” – deyə, Xalid Ağalı yazıb.

O qeyd edib ki, Azərbaycan indiyə kimi AİHM-in qəbul etdiyi qərarların cəmi 10,14 faizini icra edib. Qərarların 89,86 faizi icra edilməsini gözləyir: “İkinci pillədə Ukrayna gəlir – bu ölkə, qərarların 36,67 faizini icra edib.3-cü sıradakı Rusiya isə AİHM-in bu ölkəyə qarşı qərarlarının 38,35 faizini icra edib. Ermənistan AİHM qərarlarının 37, Gürcüstan isə 33 faizini icra etməyib. Türkiyə qərarların 68 faizinə məsuliyyətli yanaşıb, onları icra edib.

AİHM qərarlarının icrasına ən çox diqqət göstərən ölkələr Estoniya və Böyük Britaniyadır. Estoniya qərarların 98, Böyük Britaniya isə 97 faizini icra edib”.