İranda qətlə yetirilən soydaşlarımızdan daha 3-nün kimliyi müəyyən edilib

Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 3-nün kimliyi müəyyən edilib.

Əslən Şərqi Azərbaycan Əyalətinin Sarab şəhərindən olan İbadət oğlu İsmayıl Şucayi Tehranın “Robat Kərim” (Caddə Savə) məhəlləsində keçirilən aksiyada öldürülüb.

İsmayıl Şucayinin xüsusi təyinatlı qüvvələrin açdığı atəşə tuş gəldiyi bildirilir. Ayağından ağır yaralanan soydaşımız xəstəxanaya çatdırılıb, lakin təhlükəsizlik orqanlarının təzyiqi ilə həkimlər operativ müdaxilə edə bilməyib. Bunun nəticəsində İsmayıl Şucayi qanaxmadan həyatını itirib.

Kərəc şəhərində keçirilən kütləvi etirazlarda isə Behzad Səfərzadə adlı soydaşımız qətlə yetirilib. İranın təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Behzad Kərəc sakini olub, o əslən Ərdəbil Əyalətində yerləşən Germi şəhərinin Çöngünəş kəndindəndir.

Etirazlar zamanı Tehranda daha bir soydaşımız da qətlə yetirilib. “Şəhr-i Qüds” (Həsən Xan qalası) sakini olan əslən ərdəbilli Həsən Əlizadə yaşadığı məhəllədə keçirilən kütləvi aksiya zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gələrək həyatını itirib.

Yuxarıda adları çəkilən soydaşlarımız yaşadıqları şəhər və bölgədə yoxsulluq hökm sürdüyü üçün milyonlarla azərbaycanlı kimi, illər öncə iş tapmaq ümidi ilə Tehrana köçüblər.

Bu günə qədər son etirazlar zamanı öldürülən güney azərbaycanlılardan 14-nün kimliyi müyyən edilib:

1-  Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)

14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri güc strukturları tərəfindən qətlə yetirilib, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Gunaz.TV