Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasına müsbət rəy verdi

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində sorğusuna baxılıb.

İclasda sorğuya müsbət rəy verilib.

***

Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb.

“Report” xəbər verir ki, məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.

***

Dekabrın 4-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilir. İclasda Milli Məclisin buraxılması ilə bağlı Prezidentin sorğusuna baxılır.

İki gün öncə, Konstitusiya Məhkəməsinin Palatasının iclası olmuşdu.

Iclasda Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğunluğu barəsində prezidentin sorğusuna baxılaraq, plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Azərbaycan prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də“Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.

Qərara əsasən Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.