Saatlıda qatar avtomobillə toqquşdu: Ölənlər var

Saatlıda qatar avtomobillə toqquşub.  “Azərbaycan Dəmir Yolları” QSC-nin bununla bağlı yaydığı məlumatda bildirilir ki, hadisə bu gün səhər saat 09:40 radələrində baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı, “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil  elektrovozla toqquşub.

Nəticədə, avtomobilin sürücüsü hadisə yerində ölüb. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı ölən şəxlər Sabirabad rayonundan olan – sürücü, Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu, sərnişin, Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır. 

Oxu Az