Legitimlik

Əslində seçkinin boykot edilməsi tərəfdarlarının heç də hamısı öz mövqelərini yalnız legitimlik arqumentilə əsaslandırmır. Bəziləri deyir ki, biz bu seçki oyununda iştirak etmək istəmirik. Bəziləri isə hesab edir ki, hakimiyyət seçki dövründə də mitinqlərə və televiziya debatlarına imkan vermədiyi üçün seçkini bir siyasi prosesə çevirmək mümkün olmur, o səbəbdən qatılmağa dəyməz. 

Bununla belə, legitimlik arqumentinin də boykotçular tərəfindən tez-tez təkrar edildiyini və mövzunun aktual olduğu nəzərə alaraq  Altay Göyüşovun bu mövzuda öz feysbuk səhifəsində paylaşdığı yazını oxuculara təqdim edirik:  

İstənilən hakimiyyətin siyasi legitimliyini onun hakimiyyətdə olması və camaatın onun idarəçiliyi altında, müəyyən etdiyi qanun-qaydalarla yaşaması təmin edir. Əsgər gedirsinizsə, sistemin legitimliyini qəbul edirsiniz. Vergi verirsinizsə, legitimliyi qəbul edirsiniz və sair və ilaxır.

Legitimliyi olmayan sistem əksəriyyətin onu aktiv şəkildə qəbul etmədiyi, tutaq ki, əsgər getməkdən, vergi verməkdən imtina etdiyi sistemdir. Başqa sözlə, siyasi legitimliyi olmayan sistem gedir, idarə etmir.

Hüquqi legitimlik odur ki, hakimiyyət orqanları formal olaraq nəzərdə tutulan qanunlarla formalaşır.

Tutaq ki, bizdə de-fakto qanunu pozurlar, amma kağızda hər şey qanuni, yəni legitim göstərilir. Müxalifət parlamentdə oturdu, oturmadı elə göstəriləcək. Uzaqbaşı Qüdrətin adını müxalifət qoyacaqıar. Üç dəfə seçilmək üçün konstitusiya dəyişdirir, yoldaşını müavin etmək üçün konstitusiya dəyişdirir, parlamenti buraxmaq üçün yalandan da olsa, Konstitusiya məhkəməsindən rəy alır. Yəni formal hüquqi legitimliyi təmin edir,

Beynəlxalq legitimlik odur ki, hakimiyyəti beynəlxalq aləm tanıyır. Yəni tutaq ki, bizim geydirmə deputatları Avropa Şurası tanıyır. Prezidentlə, nazirlərlə müqavilələr bağlanır və sairə.

Bütün bunlar bizim hakimiyyətdə var.

Başqa sözlə, Azərbaycan müxalifətinin seçkidə iştirak etməməsi hökumətin nə siyasi, nə hüquqi, nə beynəlxalq legitimliyinə təsir göstərmir.

Amma seçkidə iştirak etsə, tutaq ki, Gürcüstanda olduğu kimi, camaatı saxtakarlığa qarşı qaldırıb, hökuməti devirsə, bu zaman hökumətin siyasi legitimliyinə son qoyur.

Yaxud, seçki saxtakarlığını ifşa edib, hökuməti demokratik seçki keçirməyə vadar edir və saxta parlamentin hüquqi legitimlik əldə etməsinə, Konstitusiya məhkəməsi tərəfindən təsdiqinə imkan vermir. Ən azı isə Avropa İnsan Haqları Məhkəməsində Zahid Orucun qanunların pozulması hesabına deputat olduğunu sənədləşdirir.

Nəhayət, seçkidə iştirak etməklə hökumətin ifrat saxtakarlığını o qədər açıq şəkildə dünyaya çatdırır ki, Avropa Şurası bizim nümayəndə heyətini tanımır və beləliklə, beynəlxalq legitimlik də olmur.

Boykot o vaxt legitimliyə təsir göstərə bilər ki, parlamentin formalaşmasına imkan verməsin. Parlament formal qanunlarla formalaşdısa, işləməyə başladısa, camaat onun qanunları ilə yaşadısa, beynəlxalq aləm onu tanıdısa, legitimlyi də təmin olunur.

Qısası, legitimləşdirməmək odur ki, o parlamentin qəbul etdiyi qanunlarla, o hökumətin fərman və sərəncamları ilə yaşamaqdan imtina edib, durub bu hakimiyyəti qovasan. Qovana kimi legitimdir.

Yazı müəllifin fikirlərini əks etdirir və “Basta”nın mövqeyi ilə üst-üstə düşməyə bilər.