Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub

“UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müəyyən edib ki, “UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədov baş mühasib Rauf Xəlilov ilə qabaqcadan əlbir olub MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil edərək hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin “Muğan” filialından 447 min manat məbləğində kredit götürüb. O kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək “Texnikabank” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib.

Rövşən Əhmədov və Rauf Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.