“Seçkiyə get(mə)mək xəyanətdir” ritorikası haqda

Anar Məmmədli, seçki məsələləri üzrə ekspert

Erkən parlament seçkiləri ilə bağlı demokratik düşərgədə müzakirələri, açıqlamaları və atmacaları üzüntü ilə izləyirəm. Bundan sonra bu mövzuda qeydlərim yəqin ki, seçkinin sonunadək olmayacaq.

Birincisi, həm seçkidə iştirak, həm də seçkilərdən kənarda durmağın riskləri var. Ağıllı-başlı adamlar bu riskləri hesablayıb qərarlar veriblərsə, buna qarşılıqlı hörmətlə yanaşmaq lazımdır.

İkincisi, indi hakim siyasi qrupdan savayı heç bir siyasi qrup öz elektoratının kəmiyyətini və keyfiyyətini əsaslı şəkildə təxmin edə bilmir. Çünki müxalif qrupların vaxtaşırı ictimai rəy sorğuları sifariş vermək üçün nə maddi, nə də siyasi imkanları var. Seçkilər ədalətli keçirilmədiyi üçün MSK-nın açıqladığı şübhəli nəticələrə əsaslanmaq isə metodoloji cəhətdən yanlış olar. Belə bir qeyri-müəyyən mühitində müxalif elektorata iddialı siyasi qruplar bir-biri ilə münaqişə əvəzinə, yola getməyə çalışsa daha faydalı olar. Xüsusən seçkidə iştirak edənlər qatılmayanlardan passiv də olsa dəstək almaq imkanını artırmaq üçün.

Elə bir mənzərə yaranıb ki, iqtidar qalıb bir kənarda müxalifət sanki bir-birinə qalib gəlməyə çalışır. Ritorika olduqca kobuddur. Konkret nümunələr gətirmirəm. “Kim birinci başladı” müzakirəsi də önəmli deyil. Önəmli olan dialoq imkanını hər zaman saxlamaq, siyasi boşboğazlığa və fürsətçilliyə bəhanə verməməkdir.

Yeri gəlmişkən, çoxları xatırlayar ki, Türkiyədə son bələdiyyə seçkilərində uğurlu seçki kampaniyası aparan Ekrem İmamoğlu CHP və İYİ partiyaları ilə yanaşı xeyli mühafizəkar kəsimin, liberal və aşırı solun, ən maraqlısı kürdlərin ciddi dəstəyini qazandı. İmamoğlu mühafizəkar Demokrat partiyası elektoratına mənsub ailənin övladı olub. Gənclik illərində CHP-yə qoşulub, özünü kemalist sosial-demokrat hesab edir. Bu kəsimə Türkiyədə kəskin nifrətə rəğmən seçki kampaniyası boyu adamın “şirin dili” və gülən üzü həm səsini artırdı, həm də ona qarşı olanların mövqeyini yumşaltdı.

Siyasətdə, xüsusən də siyasi müzakirələrdə ritorika önəmlidi. Seçki öncəsi ritorika anlaşma, yumşaltma və birləşdirmə üslubunda qurularsa, siyasi çəkişmələr də azalacaq, ideoloji fərqlər aradan qalxacaq, fərqli kəsimlərdən dəstək gələcək. Amma dil itici, kəskin və aşağılayıcı olanda, uzlaşılması ən yaxın olan siyasi kəsim də düşmənə çevrilir.

Az-çox təcrübəsi olan şəxs kimi “bu seçki son şansdır”, “seçkiyə getməmək xəyanətdir” kimi diletant açıqlamalardan yayınmaq, o cümlədən “seçkiyə getmək iqtidara sərf edir”, “mandat vəd olunub” yanaşmalarını yığışdırmaq gərəkdir. Təcrübəsiz gənc fəalları anlayıram, amma illərini siyasi mübarizəyə sərf etmiş adamların bu məşğuliyyətinin adı siyasi infantillikdir.

Nəhayət, indi elə bir mühit yoxdur ki, hansısa liderin və ya siyasi təşkilatın birinciliyi nəyisə dəyişsin və ya həlledici faktor olsun. Günü sabah bütün toplum X liderinin ətrafında olduğunu bəyan etsə, bir ay keçməz həmin siyasi liderə olan gözləntilər onu ölkənin ən urvatsız adamına çevirər. Önəmli olan toplumu hərəkətə gətirmək, iqtidarın hoqqalarından az itki ilə çıxmaq, demokratik dəyişikliklərə xalqı şərik etməkdir. 

 

Yazı Anar Məmmədlinin feysbuk səhifəsindən götürülüb, müəllifin fikirlərini əks etdirir və “Basta”nın mövqeyi ilə üst-üstə düşməyə bilər.