Müsavatın Məclisi ittihamlara siyasi qiymət verdi

Müsavat Partiyası Məclisinin dekabrın 7-də keçirilən sessiyasında partiyaya qarşı irəli sürülən saxta arayışların verilməsi və digər ittihamları araşdırmaq üşün yaradılmış Komissiyasının ilkin hesabatı dinlənilib.

Araşdırma Komissiyasının hesabatını Divan üzvü Osman Kazımov təqdim edib. O, son dövrdə Müsavat Partiyasına qarşı irəli sürülən 25 ittihamı bir bir səsləndirərək, bu iddialar üzrə aparılan araşdırmanın nəticələrini elan edib.

Osman Kazımov qeyd edib ki, həmin ittihamları irəli sürən şəxslərə müraciət olunub və onlardan hər hansı dəlil sübuta malikdirlərsə, bunların araşdırma komissiyasına təqdim etmələri xahiş olunub.

“Lakin bu günə qədər komissiyaya hər hansı bir fakt təqdim olunmayıb” – deyə, Osman Kazımov bildirib. Qeyd edək ki, Araşdırma Komissiyasının tərkibi Divan üzvləri Osman Kazımov, Nemət Kərimli, Səxavət Soltanlı və Fərəc Kərimlidən ibarətdir.

Hesabat dinlənildikdən sonra partiya Məclisinin bu ittihamlara siyasi qiymət verməsi təklif edilib və iki nəfər bitərəf qalmaqla mütləq əksəriyyətin səsi ilə müvafiq bəyanat qəbul edilib.

Bəyanatı təqdim edirik: 

“Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlarla əlaqədar Məclisin bəyanatı

Almaniyanın Koblenz  əyalətində azərbaycanlı miqrant  Rəşad Məmmədovun iddiası əsasında başlanılan cinayət işi haqda məlumat yayıldıqdan dərhal sonra Müsavat Partiyası bəyan etmişdi ki, əgər həmin iş üzrə hər hansı bir Müsavat Partiyası üzvünün qanundankənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs buna görə fərdi məsuliyyət daşıyacaq, eyni zamanda partiya həmin şəxslə bağlı uyğun tədbirlər görəcək.

Müsavat Partiyası Araşdırma Komissiyası yaratmış, Almaniyada sözügedən istintaq və araşdırma başa çatanadək bu mövzuda əsassız ittihamlardan çəkinməyə çağırmışdı.

Lakin bu çağırışlara baxmayaraq, bir tərəfdən hakimiyyət mediası, digər tərəfdən isə Müsavat Partiyasını özünə opponent hesab edən digər siyasi qüvvələr və şəxslər  guya partiya rəhbərliyi tərəfindən siyasi mühacirlərə  saxta arayışların verilməsi, başqan Arif Hacılının Almaniyada mənzillərinin və otellərinin olması, Müsavat Partiyasının Naxçıvanda su istehsalı ilə məşğul olan “Sirab” şirkəti ilə ortaq olması  kimi absurd ittihamlar irəli sürüblər.

Araşdırma Komissiyasının həm fərdi qaydada, həm də publik olaraq etdiyi müraciətlərə baxmayaraq, bu ittihamları irəli sürən şəxslər, onların iddialarını təsdiqləyən hər hansı fakt təqdim etməyiblər. Araşdırma Komissiyasının özünün apardığı ilkin tədqiqat Müsavat AKM-in sıravi üzvü Mehdi Xəlilbəylinin saxlanması xəbəri və kərguzarlıq xətası kimi qiymətləndirilə biləcək məsələlər istisna olmaqla, bütün digər iddia və ittihamların əksər hallarda tam əsassız olduğunu üzə çıxarıb.

Müsavat Partiyasının Məclisi bu iş üzrə Müsavat Partiyasına qarşı irəli sürülən bütün ittihamları partiyanı nüfuzdan salmaq məqsədilə həyata keçirilən böhtan kampaniyası kimi qiymətləndirir və buna rəvac verən şəxsləri “qara piar” kampaniyasına son qoymağa çağırır.

Müsavat Partiyasının Məclisi bu çirkin əks-təbliğatın təşkilatçılarından biri olan Yafəz Həsənovun və partiyanın daxilindən ona dəstək verən şəxslərin mövqeyini siyasi fitnəkarlıq kimi dəyərləndirir və bunu qətiyyətlə pisləyir.

Müsavat Partiyasının Məclisi bir daha bəyan edir ki, Müsavat Partiyası, onun adından saxta sənəd verilməsi hallarına qarşı həyata keçirilən istənilən əməliyyatı və istintaqı dəstəkləyir, bu məsələ ilə bağlı iddiaçı tərəflərə bir daha müraciət edərək, əllərində hər hansı fakt, dəlil-sübut varsa, bunu Müsavat Araşdırma Komissiyasına və Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə təqdim etməyə çağırır. 

7 dekabr 2019″

 

Basta