”Hakimiyyətlər dəyişir, azərbaycanlılara münasibət dəyişmir”

get_img (1)Məkan Tbilisi. Şəhərin özü qədər qədim məhəlləsində, sakinlərinin əksəriyyəti azərbaycanlılar olan Meydandayıq.

Qədim hamamların yanında bir neçə yaşlı kişi nərd oynayır, Gürcüstanın gələcəyi barədə qızğın müzakirə gedir. Hər şeydən danışırlar: bahalıqdan, larinin qiymətdən düşməyindən, Saakaşvilinin Odessaya qubernator təyin olunmağından…  və bir də parlament seçkilərindən.

Səsvermədən söz düşəndə deyirlər ki, partiyalara yox, liderlərə səs verəcəklər. Çünki, Gürcüstandakı partiyalar azərbaycanlılar arasında təbliğat aparmır.

Beləcə, azərbaycanlılar daha çox “populyar”  siyasətçinin partiyasına, kimin haqqında çox danışılırsa, kim daha çox telekanallarda görünürsə, ona səs verirlər.

Azərbaycanlıların evindən Gürcüstanın ictimai-siyasi həyatına açılan mənzərə bax,  bu cürdür. Gürcüstan Naminə Partiyası istisna olmaqla, hansısa partiyada, o cümlədən “Gürcü arzusu” blokunun rəhbərliyində bir nəfər də olsun  azərbaycanlı təmsil olunmur.

Niyə “Gürcüstan arzusu” yox, “Gürcü arzusu”?!

Marneuli azərbaycanlıların ən sıx məskunlaşdığı rayondur. Son statistikaya görə, rayon əhalisinin 90 faizindən çoxunu etnik azərbaycanlılar təşkil edir. Rayonda bir çox partiyaların yerli təşkilatları mövcuddur. Lakin, bir qayda olaraq, onlara gürcülər rəhbərlik edir. Rayon sakini İsfəndiyar Bayramov deyir ki, Gürcüstanın siyasi partiyaları azərbaycanlılar üçün cəlbedici deyil: “Heç bir partiya ideoloji əsaslar üzərində qurulmayıb. Azərbaycanlıları partiyalara cəlb etmək üçün təbliğat aparılmır. İndiki hakim koalisiya “Gürcü arzusu” adlanır. Niyə “Gürcü arzusu”, “Gürcüstan arzusu” yox?! Gürcüstan çoxmillətli respublikadır. Təəssüf ki, bunu nəzərə almırlar. Partiyaların yadına seçkidən-seçkiyə düşürük. Gəlib bəzi adamlara pul paylayırlar. Həmin adamlar da pullarını alıb evlərinin tələbatını ödəyirlər. Onlar üçün fərqi yoxdur, hansı partiya pul verib. Elə partiyalar üçün də fərqi yoxdur. Təki, səs verən olsun”.

İ. Bayramov bildirir ki, vaxtilə Alasaniyanın rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının rayon təşkilatının sədr müavini olub: “İcra hakimiyyəti seçkilərində Marneulidə ciddi seçki saxtakarlığı oldu. Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev seçkinin qalibi idi. Amma, seçkilər saxtalaşdırıldı. Məhkəmənin qərarı ilə 10 məntəqədə səslər yenidən sayıldı. Məlum oldu ki, bu məntəqələrin hamısında İmamquliyevin səsləri hakim partiyanın namizədinin xeyrinə saxtalaşdırılıb. Buna baxmayaraq, İmamquliyevin qələbəsi təmin olunmadı. Mənsub olduğum partiya isə seçki saxtakarlığına haqq qazandırdı. Ona görə də, partiyadan istefa verdim”.

İ.Bayramovun bildirdiyinə görə, siyasi partiyalar azərbaycan dilində təbliğat materialları çap etdirmir: “Azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir. Siyasi partiyalar nizamnamə və məramnamələrini, hətta seçki materiallarını belə azərbaycan dilində çap etdirmir. Gürcü dilini bilməyən azərbaycanlı isə partiyaların məramı barədə məlumatsız qalır. Nəticədə, azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatından kənarda qalırlar. Beləliklə də, azərbaycanlıların, eləcə də digər xalqların gürcü cəmiyyətinə inteqrasiyasına daha bir problem əlavə olunur”.

“Hələ də sovet dönəminin qaydaları qorunub saxlanılır”

Milli Hərəkat Partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev isə bildirir ki, mənsub olduğu partiyada azərbaycanlılar kifayət qədər təmsil olunurlar: “Rayonumuzun bütün kəndlərində üzvlərimiz var”.

Əhməd İmamquliyev

Əhməd İmamquliyev

Ə. İmamquliyev Milli Hərəkat Partiyasının azərbaycan dilində nizamnamə və məramnaməsinin olmadığını söylədi : “Azərbaycan dilində partiya sənədi yoxdur. Biz Azərbaycan dilində qəzet nəşrinə başlamışıq. Artıq partiyamızın qəzetinin azərbaycan versiyası nəşr olunub və əhali arasında paylanacaq”.

Azərbaycanlıların Gürcüstanın siyasi həyatında iştirakı məsələsinə toxunan cənab İmamquliyev qeyd etdi ki, hələ də sovet dönəminin qaydaları qorunub saxlanılır: “SSRİ dövründə Gürcüstan azərbaycanlıları rayon partiya və icrayə komitələrində müavin vəzifəsində olublar. Kommunist Partiyasında iştirak məsələsini isə ölkə rəhbərliyi müəyyən edib. Bir növ, azərbaycanlılar “yuxarı”ların istəyi əsasında ölkənin siyasi həyatında iştirak ediblər. Təəssüflər olsun ki, həmin ənənə müstəqillik dönəmində də davam etdirilib. Lakin, gənc nəsil bununla razılaşmır. Düşünürəm ki, yaxın illərdə biz yeni mərhələnin şahidi olacağıq”.

“Partiyalarda ayrıseçkilik var”

Marneulinin Qaçağan kənd sakini, gənc fəal Əsəd Əliyev isə bildirir ki, kəndlərində yalnız hakim partiyanın nümayəndələri var: “Bizdə əvvəldən belə olub. Eyni adamlar hakim partiyaya üzv olurlar. Onlar hakimiyyət dəyişəndə partiyalarını da dəyişirlər. Bu adamlar seçki məntəqələrində vəzifə tuturlar. Onları ancaq alacaqları pul düşündürür. Ən maraqlısı burdur ki, hakimiyyətə gələn partiyalar həmin adamları öz sıralarına həvəslə qəbul edirlər”.

Ə.Əliyev də seçki saxtakarlığından şikayətçi olduğunu dedi: “Hakimiyyətlər dəyişir, azərbaycanlılara münasibət isə dəyişmir. Azərbaycanlılar yaşayan bölgələrdə seçki saxtakarlığı davam edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, seçkilər saxtalaşdırılır. 2012-ci ildə “Gürcü arzusu” blokunu müdafiə etdik, təzyiqlərə məruz qaldıq. Son bələdiyyə seçkilərində isə  “Gürcü arzusu” bloku saxtakarlıq etdi”.

Əsəd Əliyev

Əsəd Əliyev

Ə.Əliyev bildirir ki, partiyalarda da ayrıseçkilik mövcuddur: “İstər parlament seçkilərində, istərsə də yerli seçkilərdə proporsional siyahıdakı ilk yerləri gürcülər və svanlar tutur. Buna görə də, gürcü dilini bilən və ali təhsili olan azərbaycanlılar da partiyalara üzv olmurlar”.

Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbəsi Fərzin Məşədiyev də siyasi partiyaların azərbaycanlıların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərmədiyini deyir: “Bizim kəndimizdə heç bir partiyanın nümayəndəsi yoxdur. Hansısa partiya rəhbərinin də kəndimizdə əhali ilə görüşdüyünün şahidi olmamışam”.

“Xüsusi təyinatlılar siyasi fəaliyyətimə görə 2005-ci ildə evimə basqın etdilər”

Gürcüstan Naminə Partiyasının sədri Fazil Əliyev yeganə azərbaycanlı partiya sədridir. F.Əliyev deyir ki, Gürcüstanın müstəqillik hərəkatında yaxından iştirak edib. Sonrakı dönəmlərdə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmayıb. Onun sözlərinə görə, Gürcüstanda siyasi fəaliyyətlə məşğul olmaq o qədər də asan deyil: “Siyasi fəaliyyətimə görə 2005-ci ildə evimə xüsusi təyinatlılar basqın etdi. Oğullarımdan birini güllə ilə yaraladılar. Atam bu hadisədən sonra xəstəlik tapdı və dünyasını dəyişdi. Mən isə uzun müddət ölkədən kənarda yaşamalı oldum”.

2008-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürən F.Əliyev növbəti dəfə basqılara məruz qaldığını bildirdi: “Mən namizədliyimi verməklə, Gürcüstanın demokratik ölkə olduğunu nümayiş etdirmək istəyirdim. Bütün dünya, o cümlədən osetinlər və abxazlar görməliydi ki, Gürcüstanda hər kəsin hüquqları qorunur. Lakin, seçkidə sona qədər iştirak edə bilmədim. Çox ciddi təzyiqlərlə üzləşdim”.

F.Əliyev deyir ki, rəhbərlik etdiyi Gürcüstan Naminə Partiyası 2008-ci ildə təsis olunub və partiya hazırda təşkilatlanma işi aparır: “Partiyamız tək azərbaycanlıların yox, ümümgürcüstan partiyasıdır. Ona görə də, bütün Gürcüstan ərazisində təşkilatlanma ilə məşğuluq”.

Dərc olunub – Müəllif Əfqan Muxtarlı

basta2.com

One thought on “”Hakimiyyətlər dəyişir, azərbaycanlılara münasibət dəyişmir”

Leave a Reply