Təbrizdə Qacarların irsi məhv edilir: Tarixi evlər dağıdılır, yerində göydələnlər tikilir
Təbrizdə tarixi evlər dağıdılır. Bu barədə Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi açıqlama verib.
Rəsul Bərgi deyib ki, şəhərdə tarixi və köhnə evlərin dağıdılması təəssüf doğurur.
O, tarixi yerlərin daha çox qorunması üçün vahid sistemin təşkil edilməsi və evlərin nəzarətə götürülməsini təklif edib.
“Təbrizin bir sıra bölgələrində, o cümlədən Şəkilli məhəlləsində tarixi evlər dağıdılır, yerində yeni binalar tikilir. Onların vahid sistem vasitəsilə nəzarətə götürülmələri lazımdır”-deyə, Bərgi noyabrın 1-də jurnalistlərə verdiyi müsahibədə bildirib.
O, Təbriz bələdiyyəsi ilə Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsi arasında əlaqəli fəaliyyətin vacibliyindən danışıb, bunun şəhərin tarixi yerlərinin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayacağını deyib.
Qeyd edək ki. Təbriz şəhərində əksəriyyəti Qacarlar dönəminin memarlıq nümunələri sayılan yüzlərlə tarixi ev və tikili mövcuddur.
Onların bir çoxu dağıdılıb və yerində çox mərtəbəli yeni tikililər qurulub. Son vaxtlar isə tarixi tikili və abidələrin istifadəyə yararsız evlər adı altında satışa çıxarılması halları da artıb.
Tarixi tkililərin satış elanlarında onlar istifadəyə yararsız binalar kimi göstərilir. Binaların tikinti tarixləri də dəyişdirilir, tarixi dəyərinin olmadığı iddia edilir.
Bir müddət bundan öncə Qacarlar dövründə tikilən Hacı Şeyx Təbrizi evi satış elanları saytında hərraca çıxarılmışdı.
Qacarlar dövrünə aid adı çəkilən tikili 2003-cü ildə 9414 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına salınmışdı.
Gunaz.TV