Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi nə işlə məşğuldur?

Vaqif Hacıbəyli

 

 

Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Artıq belə xəbərləri hər gün eşidirik. Sual olunur, Azərbaycanda yaradılan Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) nə işlə məşğuldur? Əgər atəşkəsə əməl olunmursa, bu qurum niyə baş verənlərə reaksiya vermir? Fəaliyyət göstərdiyi bir ildən artıq müddətdə niyə bir dəfə bu qurumun hər hansı açıqlaması ortada yoxdur. Bəlkə mən yanılıram, varsa bunu deyin. Bundan əvvəl həmin funksiyanı yerinə yetirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin adı hər halda hamıya məlum idi. İndi bir sorğu keçirsək RTBMM-də şəxsi heyətə rəhbərlik edən generalların adını bilən olacaqmı? Çətin.

 

Ötən ilin yanvarında bu qurumun açılışı olanda yazdım ki, RTBMM Rusiyanın Qarabağı işğal etməsini legitimləşdirməkdən başqa heç nəyə xidmət etməyəcək. Dediyim kimi də oldu. Təəssüf.

 

İctimai diqqəti bu məsələyə yönəltməliyik. Bütün dünyaya bəyan etdik ki, Laçın koridoru hərbi məqsədlər üçün istifadə olunur. Əgər Birgə Monitorinq Mərkəzinin hansısa bir faydalı iş əmsalının olmasını istəyiriksə, onda Laçın koridorundan hərbi məqsədlər üçün istifadə olunmamasına nəzarətin bu quruma həvalə edilməsi tələb olunmalıdır.

 

Alınmayacaqsa, koridora nəzarəti Azərbaycan öz üzərinə götürməlidir. İndiki halda, iqtidar yetkililərinin və yandaş medianın Qarabağ məsələsi bitib, ərazilərimiz işğaldan azad olunub kimi nağıllarla özləri – özlərini aldatmalarına son qoyulmalı, mövcud beynəlxalq şərait nəzərə alınmaqla konkret əməli addımlar atılmalıdır.