Müxalifətçi Samir Aşurov 4 ay müddətinə həbs olunub /YENİLƏNİB/
Cümə axşamı Bakının Nizami rayon məhkəməsi müxalifətçi Samir Aşurovu 4 aylıq istintaq müddətinə həbs edib.
* * *
2022 Aprel 21 (Cümə axşamı) 13:58:45
Samir Aşurov aclığa başlayıb
Bakı/21.04.22/Turan: Almaniyadan readmissiya olunandan sonra saxlanılan Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Bu barədə bu gün, aprelin 21-də Aşurovla görüşdən sonra vəkil Elçin Sadıqov bildirib.
“Samir Aşurov bildirdi ki, aprelin 19-da xarici pasport alıb, ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulub. Qeyd etdi ki, evinə çatan vaxt, Neftçilər metrosu yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Samir onun əlindən çıxıb qaça-qaça “polis”, “polis” deyə qışqırıb. Həmin vaxt polis dərhal Samiri tutub. Sonra gödəkcəsinin sağ cibinə bıçaq qoyublar. O, bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. 24-cü Polis Bölməsində onu döyüblər. Sonradan Nizami rayon Polis İdarəsinə gətiriblər. Əlini cibinə qoyduğuna görə orada da döyüblər. Mən onunla görüşəndə sinəsində və gicgah nahiyəsində qançır izləri var idi”, deyə vəkil bildirib.
Bununla yanaşı, vəkil bildirib ki, Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir.
Aşurov ittihamı qəbul etmir və həbsinə etiraz olaraq aprelin 19-dan aclıq aksiyası keçirir, deyə vəkil qeyd edib. Bu gün Aşurov həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılmalıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, iddialar anlaşılandır və müdafiə xarakteti daşıyır. “Cinayət əməlində təqsirləndirilən həmin şəxsin təzyiqə məruz qalması ilə bağlı iddiaların heç bir əsası yoxdur və tam əsassızdır. Münaqişə vaxtı tərəflər arasında dartışma olub və bu onun izləridir. Polis orqanında Samir Aşurov heç bir halda təzyiqə məruz qala bilməz”.
***
Almaniyadan deportasiya edilmiş daha bir müxalifətçi saxlanılıb
Martın 29-da Almaniyadan deportasiya edilmiş vətəndaş fəalı Samir Aşurov ötən gün polis tərəfindən saxlanılıb. Onun xanımı Nuranə Aşurova Turan-a bildirib ki, aprelin 19-da saat 21.30 radələrində Bakının Nizami rayonu ərazisində həyat yoldaşını saxlayıblar. Samir bu barədə ancaq ayın 20-i səhər saat 4:00-da məlumat verə bilib.
“Samir dedi ki, guya kiməsə bıçaqla xəsarət yetirdiyinə görə ona qarşı cinayət işi saxtalaşdırılır. Amma belə bir şey olmayıb. O, guya bıçaqladığı adamla heç tanış deyil”, – Aşurova deyib.
Bu gün Nizami Rayon Polis İdarəsinin rəisi onu qəbul edib.
“Mənə dedilər ki, Samir hansısa guya Elşən Nəbievi bıçaqlayıb. Rəis hadisənin harada, hansı şəraitdə baş verməsilə bağlı mənim suallarıma cavab verməkdən yayındı və “zərərçəkən”in kimliyi barədə heç nə demədi.
Mənə dedilər ki, bu şəxs Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasındadır. Xəstəxanada Nəbiyevin həkimi ilə görüşdüm, dedi ki, bağırsaqları zədələnib”, – Aşurova bildirib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Turan-a bildirib ki, aprelin 19-da saat 21:00-a yaxın Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir, – Hacıyev bildirib.
Bu maddə üzrə Aşurovu 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyir.
“Müdafiə xətti” qeyri-hökumət təşkilatının üzvü Zəfər Əhmədov Aşurovun taleyilə bağlı narahatlığını bildirib.
“Almaniyadan readmissiya edilənlərin taleyi hüquq müdafiəçilərinin narahatlığına səbəb olur. Aşurov son beş ayda həbs edilən beşinci adamdır. Bu, təsadüfü ola bilməz. Almaniyada siyasi fəaliyyətlə məşğul olanlar, Azərbaycan hakimiyyətini tənqid edənlər həbs olunur. Biz artıq Avropa İttifaqı nümayəndəliyinə və Avropa ölkələrinin səfirliklərinə müraciət etmişik ki, Azərbaycanda həbsi gözlənilən şəxsləri geri qaytarmasınlar”, – Əhmədov deyib.
Samir Aşurov etiraz aksiyalarında iştiraka görə iki dəfə üç ay müddətinə inzibati qaydada həbs edildikdən sonra 2018-ci ilin sentyabrında Azərbaycandan mühacirət edib.
2022-ci il martın 29-da 38 nəfərlik qrupla birlikdə deportasiya edilib. Aşurov gələn kimi həbs təhlükəsi barədə bildirib. Aprelin 1-də Baş Prokurorluqda qanunsuz miqrasiya işi üzrə şahid qismində dindirilib. Prokurorluqdan çıxandan sonra həbs təhlükəsinin qaldığını bildirib.