Bu “sürətlə” köçkünlər nə vaxt qayıdacaq?

Səxavət Soltanlı, Müsavat başqanının müavini 

 

Biz doğulduğumuz kəndə (istədiyimiz vaxt gedə bildiyimiz kəndimizə) 3 ay getməyəndə magistraldan kəndimizə dönən yolda özümüzü elə xoşbəxt hiss edirik, gəl görəsən. Əvvəllər gedəndə kəndə gedən maşınları gözləməyə səbrimiz çatmırdı. 12 km yolu piyada gedirdik.

Torpaqlarından 30 ildir didərgin düşən insanların həsrətində qaldıqları kəndlərinə, evlərinə (Daha doğrusu evlərinin olduğu to burpaq sahəsinə) uşaqlıq və ya gənclik illərində gəzdikləri dağlara, çay kənarlarına, meşələrə, bulaqlara gedərkən nələr hiss etdiklərini təsəvvür etməyə, onlarla empati qurmağa çalışanda sözlə ifadə edilməyən hisslər yaşayır adam.

Bütün evini, kəndini ziyarət edən vətəndaşımız üçün həqiqətən çox sevinirəm. Bununla yanaşı hələ də kəndini, ata-ana evini ziyarət edə bilməyən, həsrətlə ürəyi döyünən insanların nələr keçirdiyini daha ağrılı hiss edirəm. Bu nə ayrıseçkilikdir?

Ümumiyyətlə bu “sürətlə” köçkünlər nə zaman qayıdacaq öz yurdlarına?

Nə qədər insan hələ də doğulduğu torpağın həsrəti ilə dünyadan köçəcək?