KTMT Başçıları Şurasının iclası ciddi bir nəticə vermədi
Oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə növbədənkənar sessiyası keçirilib.
Rusiya prezidentinin saytında yer alan məlumata görə, iclasda Ermənistan baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rahmon və KTMT baş katibi Stanislav Zas iştirak ediblər.
Putin giriş sözünü Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib.
“Biz bu gün də Bakı və Yerevan arasında münasibətlərin kompleks şəkildə və hərtərəfli normallaşmasına nail olmaq üçün əlimizdən gələnii edirik”, deyə o bildirib.
“Bizim Yerevanla da, Bakı ilə də bir çox əlaqələrimiz var və bunları nəzərə almamaq, sadəcə olaraq, mümkün deyil. Biz, şübhəsiz ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma biz, əlbəttə ki, Rusiyaya yaxın olan dövlətlər arasında problemlərdən və fikir ayrılıqlarından kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə şərait yaratmağa hazırıq”.
“Şübhəsiz ki, sülhə gedən yeganə mümkün və real yol tərəflərin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına ciddi şəkildə riayət etməsindən keçə bilər”.
“Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat əlaqələrinin açılması, humanitar məsələlərin həlli yollarında bu razılaşmaların ardıcıl yerinə yetirilməsi sayəsində Ermənistanın Azərbaycanla münasibətlərinin dayanıqlı normallaşmasına nail olmaq olar.
Biz Ermənistan baş naziri ilə də bu barədə dəfələrlə danışmışıq və başa düşdüyüm qədər, həmkarımız bununla tamamilə razıdır. Məsələ bu həlləri necə tapmaqdadır, bütün bunlar asan deyil, amma onları yalnız bu yolda tapmaq olar. Gələcəkdə bu, sülh sazişinin imzalanmasına nail olmağa imkan verəcək”, deyə Putin bildirib. 03D
Ermənistanın baş naziri Nikol Paşinyan iştirakçılara müraciətində onları “Azərbaycanın təcavüzünü” pisləməyə və “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün tədbirlər görməyə” çağırıb. Lakin görüşün yekun hesabatına əsasən, Paşinyanın çağırışına məhəl qoyulmayıb.
“Sessiya zamanı KTMT-nin baş katibi Stanislav Zasın 2022-ci il sentyabrın 15-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistana ezam olunmuş Missiyanın işi barədə məlumatı dinlənilib. Sentyabrın 13-də ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmalar olub, çoxlu sayda insan tələfatı olub”, – deyə KTMT-nin saytında yerləşdirilən məlumatda bildirilir.
İclas iştirakçıları regiondakı mövcud vəziyyəti və “Ermənistan Respublikasına yardım göstərmək üçün birgə tədbirləri” müzakirə ediblər.
“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidenti tərəfindən 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub.
Sessiyanın yekunları üzrə KTMT Kollektiv Təhlükəsizlik Şurasının üzvləri müvafiq qərarlar layihəsini yekunlaşdırmaq üçün bir sıra təkliflər veriblər”, – deyə məlumatda bildirilir.
Turan