Naxçıvan rəhbərliyinin xarici siyasət aparmağa ixtiyarı yoxdur – İTTİHAM
Naxçıvan Muxtar Respublikasında (MR) məmur həbsləri davam edir. Bu gün yayılan xəbər yenə sensasiya doğurub. Naxçıvan MR-in həbs edilən Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov 212 milyon 361 min manat dövlət vəsaitini mənimsəyibmiş.
DTX-da “Naxçıvan işi” ilə bağlı açılan cinayət işi üzrə istintaq davam etdiyindən külli miqdarda dövlət vəsaitlərinin mənimsənilmə faktları üzrə yeni məmur həbsləri istisna olunmur.
Proseslərin hara doğru gedəcəyi maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-a danışan əslən Naxçıvandan olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, muxtar respublikada baş verən hadisələr yalnız korrupsiyaya qarşı mübarizə kimi dəyərləndirilməməlidir:
“Çünki əməliyyatlardan sonrakı addımlar məsələnin həm də siyasi olduğunu göstərir. Azərbaycan mərkəzi hökuməti tərəfindən indiyə kimi bəzi qurumlara kadrlar təyin edilmirdi. İndi mərkəzi hakimiyyət kadr təyinatları edir. Bəzi orqanlar ləğv olunub, Azərbaycan mərkəzi hakimiyyətinə tabe etdirilib”.
ADP sədrinin sözlərinə görə, hadisələrin mahiyyəti göstərir ki, 30 il ərzində Muxtar Respublika statusundan istifadə edən yerli hakimiyyət faktiki olaraq Naxçıvanı Azərbaycandan qoparıb:
“Yerli hakimiyyət Azərbaycandan fərqli siyasət apararaq, Naxçıvanı müstəqil dövlət səviyyəsinə gətirib çıxarıb. Eyni zamanda İranla, Rusiya ilə bağlı siyasətində Azərbaycandan fərqli davranıb. 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın üzərində vertolyotun vurulması buna bir örnək ola bilər. Hələ də bu vertolyotun vurulmasının sifarişçiləri məlum deyil”.
S.Cəlaloğlu deyib ki, Azərbaycan-İran münasibətlərinin gərgin olduğu bir vaxtda Naxçıvanın Azərbaycana bilavasitə dəstək verməməsi göstərir ki, doğrudan da, yerli hökumət özünü mərkəzi hakimiyyətdən ayrı görüb:
“Naxçıvan rəhbərliyi həm də fərqli xarici siyasət yürüdüb. Əslində isə Naxçıvanın ayrıca xarici siyasət aparmağa ixtiyarı yoxdur. Çünki orada Xarici İşlər Nazirliyi yoxdur. Buna baxmayaraq, Naxçıvan rəhbərliyi Xarici İşlər Nazirliyi funksiyasını da yerinə yetirib, Azərbaycanın mərkəzi hakimiyyətinin siyasi dəsti-xətti ilə uyuşmayan xarici siyasət aparıb. Məsələn, Vasif Talıbovun Prezident kimi şəxsi təyyarəsi var. İrana gedir, Rusiyaya gedir. Yerli hakmiyyət orqanın rəhbərinin belə imtiyaza malik olması dövlətçilik üçün böyük təhlükədir”.
Mətbuatın bir neçə gün öncə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya çağrıldığı barədə xəbər yaymasına ADP sədrinin reaksiyası belə olub:
“Vasif Talıbov ola bilsin ki, mərhum Prezident Heydər Əliyevin anım günü üçün özü Bakıya gəlib. Burada ona mərasimdə iştirak etməyə icazə verməyiblər. Bəlkə də həqiqətən, çağrılıb. Bu barədə dəqiq məlumatım yoxdur”.
Modern.az