Saakaşvilinin videosu qalmaqala səbəb oldu
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, ondan kömək istəyib. Bu barədə “BBC News Ukrayna” məlumat yayıb.
“SOS. Mən ölürəm, çox az vaxtım qalıb”, – mesajda deyilir.
Gürcüstanın keçmiş prezidenti ümid edir ki, beynəlxalq ictimaiyyət Gürcüstana təzyiq göstərəcək ki, hakimiyyət onu azad etsin.
Bundan əvvəl Saakaşvilinin vəkilləri onun vəziyyətinin son aylarda yaxşılaşmadığını, onun multidissiplinar klinikada müalicəyə ehtiyacı olduğunu bildirmişdilər. Müdafiəçilər Saakaşvilinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.
Gürcüstanın Empati Tibb Mərkəzi dekabrın 1-də bildirib ki, hazırda Saakaşvilinin “20-dən çox diaqnozu” var. O cümlədən, Tibb Mərkəzindən verilən məlumata görə, siyasətçiyə psixiatrik və qastroenteroloji pozuntular, görmə və hərəkət sisteminin pozuntuları diaqnozu qoyulub. O, həmçinin səbəbsiz hərarət, iştahsızlıq, sürətli arıqlama, əzələ, oynaq və sümük ağrılarından əziyyət çəkir.
Gürcüstanın Penitensiar Xidməti bu yaxınlarda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hazırda olduğu “Vivamed” klinikasından video yayımlayıb. Ölkə rəsmiləri bildirirlər ki, məhbus əslində səhhətinin ağır vəziyyətini saxtalaşdırır.
Hakim “Gürcü Arzusu” partiyasının nümayəndələrinin fikrincə, sabiq prezident həbsdən yayınmaq üçün özünə xəsarət yetirir.
Videoda aclıq aksiyasından sonra Saakaşvili bir qədər arıqlamış, çarpayıda uzanmış vəziyyətdə tibb işçiləri ilə mütəmadi olaraq mübahisə edir, onlara əşyalar atır, qışqırır, bir neçə dəfə qəsdən özünü yerə atır, tək qalanda isə xəstəxana otağında gəzir, yeyib-içir, siqaret çəkir.
Saakaşvili Penitensiar Xidmətin yaydığı videoya münasibət bildirib və onların hərəkətlərini “ədəbsiz” adlandırıb.
“Mənə nə olursa olsun, həkimlərin günahı yoxdur. Qoy heç kim əllərini onlara toxunmasın. Mənə gəlincə, siz elan etdiyiniz qətl planını həyata keçirə bilərsiniz, amma məni sındıra bilməzsiniz”, – Gürcüstan KİV-i Saakaşvilinin sözlərini sitat gətirib.
Saakaşvilinin vəkili bildirib ki, məhbusun razılığı olmadan müalicə müəssisəsindən görüntülərin dərci şəxsi məlumatlar kateqoriyasına aid olduğu üçün cinayət məsuliyyəti yaradır.
Videoda klinikadan müxtəlif tarixlərə aid kadrlar var: 9 avqust, 4 oktyabr, 12 dekabr, lakin bəzi səhnələrdə tarix silinib.
Eyni zamanda penitensiar xidmət iddia edir ki, videoda “Mixeil Saakaşvilinin imitasiya xarakterli hərəkətləri açıq-aydın görünür, məqsədi ədalətin həyata keçirilməsinə mane olmaq, ictimaiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaqdır”.
Dövlət qurumu həmçinin sabiq prezidenti əməkdaşlara qarşı qəddar rəftarda və aqressiv davranışda ittiham edir.
Qeyd edək ki, Saakaşvili ötən ilin oktyabrından həbsdədir. O, qanunsuz olaraq axtarışda olduğu Gürcüstana ərzaq daşıyan maşında gizlənərək daxil olub və iki cinayət işi üzrə həbs edilib. Altı ay əvvəl bir sıra aclıq aksiyalarından sonra Saakaşvili həbsxanadan “Vivamedi” klinikasına köçürülüb.
Noyabrın 8-də Saakaşvilinin vəkilləri onun demensiya və vərəm də daxil olmaqla 36 müxtəlif xəstəliyə tutulduğunu iddia edib. Daha sonra Saakaşvilinin müdafiəçiləri 20-yə yaxın diaqnozdan danışıb. Vəkillər onun vəziyyətinin “fəlakətli dərəcədə pisləşdiyini” iddia edirlər.
Basta