Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

Kann Film Festivalı İran hökumətindən güneyli rejissor Cəfər Pənahinin dərhal azadlığa buraxılmasını tələb edib.

Cəfər Pənahinin “məhkəmə sisteminin qeyri-insani davranışına” etiraz olaraq aclıq aksiyası keçirdiyini elan etməsindən bir neçə saat sonra bu qərara reaksiya verilib.

“Festival bir daha Cəfər Pənahiyə tam dəstəyini bildirir və bir çox sənətçi və təşkilatlar kimi onun dərhal azad edilməsini tələb edir”,- festivalın yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, fevralın 3-ü axşam saatlarında beynəlxalq təzyiqlər nəticəsində Cəfər Pənahi girov qarşılığında müvəqqəti olaraq Evin zindanından sərbəst buraxılıb.

O, üç gün öncə məhkəmə və təhlükəsizlik orqanlarının qeyri-qanuni və qeyri-insani davranışına etiraz olaraq aclıq aksiyasına başlamışdı.

İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi 2022-ci il iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.

Gunaz.tv