Türkiyə baharı olacaqmı?
Xəqani Cəfərli
Cengiz Çandarın tv24.com-da 8 martda yazdığı “Türkiye baharı” başlıqlı yazısında “Hak, Hukuk, Adalet” şüarı yer alıb. Türkiyənin qocaman qələm sahiblərindən və siyasəti çox yaxşı bilən azsaylı şəxslərdən bir olan Cengiz Çandar bəy çox gözəl bilir ki, hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir yerdə bahar ola bilməz. Xristian dünyasının bu günki inkişaf səviyyəsinə görə minətdar olmalı olduğu şəxslərdən biri, Avqustin Avreli hələ 16 əsr öncə, V əsrdə yazırdı ki, “Hüquq və ədalət olmayan bir dövlət böyük bir quldur dəstəsindən başqa bir şey deyil”.
Türkiyə başda olmaqla bizim çoğrafiyanın hüquqa və ədalətə ehtiyacı var. Hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir çoğrafiyada sülh və rifah ola bilməz. Qəbiristanlıq sükutu ola bilər, amma sülh olmaz. Zənginlik ola bilər, amma rifah olmaz.
Cənubi Qafqazdan Şimali Afrikaya kimi uzanan Böyük Yaxın Şərqdə sülhün və rifahın yaranması, azadlıqların bərqərar olması Türkiyədə avtoritarizmə qarşı başlayan demokratiya mübarizəsinin nəticəsindən çox asılıdır. Prezident seçkilərində Ərdoğana qalib gəlmək olar. Amma bu demokratiyanın dərhal bərqərar olacağı anlamına gəlmir. Seçki demokratikləşmə üçün yalnız başlanğac ola bilər.
Gəncliyi İsmət Paşanın, bütün şüurlu ömrü Türkiyə siyasətində keçmiş Altan Öymən son müsahibəsində HDP faktouna diqqət çəkərək xəbərdarlıq edir ki, HDP-ni yox sayaraq xoşbəxt sonluğa çatmaq olmaz.
Türkiyə Böyük Millət Məclisində üçüncü böyük partiya olan HDP-nin siyasi proseslərdən kənarlaşdırılması bundan sonra daha ağır nəticələr verə bilər.
Türkiyədə “Hak, Hukuk, Adalet”-in qələbəsi İranda “Azadlıq, Ədalət, Milli hökumət”in yolunu açacaqdır.
Gerçək Türkiyə baharı yalançı Ərəb baharından fərqli olaraq Böyük Yaxın Şərqdə yeni mərhələnin başlanğacı ola bilər.