Albaniya Azərbaycanın investisiyası ilə qazlaşdırılacaq – İlham Əliyev
Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda albaniyalı həmkarı Bayram Beqayla ikitərəfli danışıqları başa çatdıqdan sonra mətbuata bəyanatında bildirib.
“Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, deyə Əliyev qeyd edib.
Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir, deyə Əliyev sözünə davam edib.
Əliyevin sözlərinə görə, Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. “Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, deyə prezident qeyd edib.
Əliyev həmçinin bildirib ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar. “Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və münasibətlərimizdə, həmçinin yeni səhifə açılacaq”, deyə Azərbaycan prezidenti əlavə edib.
Siyasi münasibətlərə toxunan Əliyev Albaniyanın ötən il Frankofoniya sammitində anti-Azərbaycan sənədinin qəbul edilməsinin qarşısını aldığını minnətdarlıq hissi ilə yada salıb.