Süyüdlüdə qızıl çıxaran şirkətdən İlham Əliyevə cavab

Olkə başçısı İlham Əliyev iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində baş verənləri “qəbuledilməz” adlandırıb. Prezident iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib.

“Ya bilirdi gözünü yumurdu…”

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, – Əliyev bildirib.

Prezident ikinci tullantı gölünün qurulmasının ciddi araşdırmaya ehtiyacı olduğunu deyib: “Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”.

Britaniyanın Azərbaycanda qızıl hasil edən “Anglo Asian Mining plc.” şirkətinin rəhbəri Rza Vəziri isə şirkətin Gədəbəy rayonundakı fəaliyyəti ilə bağlı tənqidlərə cavab olaraq AzadlıqRadiosuna deyib ki, mədənçilik fəaliyyətlərini ən yüksək beynəlxalq standartlar əsasında aparırlar: “Monitorinq keçirmək istəyən varsa, gələ bilərlər. Ekologiya Nazirliyinin nümayəndələri orada olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib”.

İyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, 10 nəfərə yaxın şəxsin xəsarət aldığı, rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir.

 

Foto AZERTAC: İlham Əliyev və Rza Vəziri Gədəbəydəki qızıl zavodunun açılışında. 2013