Rusiya Odessaya raket zərbələri endirdi, kilsə vuruldu
İyulun 23-nə keçən gecə Rusiya Odessaya növbəti raket hücumu həyata keçirib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, müxtəlif tipli 19 raket atılıb, onlardan 9-u vurulub.
Hücum nəticəsində ən azı altı yaşayış binası, liman infrastrukturu qismən dağılıb, onlarla avtomobilə ziyan dəyib.
Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, gecə hücumu zamanı 1 nəfər ölüb, 4-ü uşaq olmaqla 19 nəfər yaralanıb. 14 nəfər xəstəxanaya yerləşdirilib.
Raketlərdən biri Odessadakı ən böyük pravoslav kilsəsinin üzərinə düşüb. Məbədə ciddi ziyan dəyib, binanın cənub-şərq hissəsi dağılıb.