Qan şəkəri, arterial təzyiq, sinir sistemində pozğunluq, qalxanabənzər vəzində düyünlər, böyrək, göz və digər orqanlarda problemlər

Qardaşının sözlərinə görə, Qubad İbadoğluna psixoloji təzyiq davam edir

20 gündür həbsdə olan müxalifətyönlü siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun qan şəkəri və arterial təzyiqi sabitləşməyib ki, bu da onun vəziyyətini xeyli pisləşdirir. Bu barədə Turan-a onun qardaşı Qalib Bayramov bildirib.

Bundan əlavə, sinir sistemi pozulduğundan qalxanabənzər vəzində düyünlər əmələ gəlib, böyrəklərdə və digər orqanlarda problemlər yaranıb, sol gözü əhəmiyyətli dərəcədə zəifləyib.

O həmçinin qeyd edib ki, İbadoğluna yaxınları ilə görüş verilmir, uşaqlarına zəng etməyə, kitab və jurnalları qəbul etməyə icazə vermirlər. “Qubad İbadoğluna psixoloji təzyiq davam edir”, – Bayramov deyib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

*İyunda İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.

Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.

Turan