AŞPA Azərbaycanı “xoş məram nümayiş etdirməyə” çağırır

AŞPA Azərbaycanı Qarabağ ermənilərinin geri qayıda bilməsi üçün “etimad mühiti və maddi imkanlar yaratmağa”, o cümlədən onları buna inandırmağa yönəlmiş fəal addımlar atmağa çağırıb.

Bu barədə Xorvatiyalı deputat Domaqoy Xaydukovuçun məruzəsi əsasında hazırlanmış qətnamədə deyilir. https://pace.coe.int/en/files/33145/html

Oktyabrın 12-də keçirilən debatda Assambleya “Azərbaycan hakimiyyətinin regionun erməni əhalisini təhlükəsizliklərinə və hüquqlarına hörmətə inandıra bilməməsi” ilə bağlı təəssüfünü ifadə edib.

Sənədin müzakirəsi zamanı bir sıra deputatlar regionun, demək olar ki, bütün erməni əhalisinin “fiziki cəhətdən real ölüm təhlükəsi və Azərbaycanda ermənilərə qarşı ədavət siyasəti ilə əlaqədar” Ermənistana qaçdığını bildiriblər.

Azərbaycanın ermənilərin hüquq və azadlıqlarını, habelə Ermənistan sakinlərinin reinteqrasiyası ilə bağlı planlarını təmin etməklə, xoş məramını sübut edə biləcəyi qeyd edilib.

Assambleya həmçinin bildirib ki, demək olar ki, bütün erməni əhalinin regiondan kütləvi şəkildə çıxması “bunun etnik təmizləməyə bərabər ola biləcəyi ilə bağlı ittihamlara və əsaslı şübhələrə” gətirib çıxarıb. AŞPA Azərbaycan hakimiyyətini “əməldə bunun belə olmadığını sübut etmək üçün səylərini əsirgəməməyə” çağırıb.

Assambleya Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq region ermənilərinin hüquq və azadlıqlarının müdafiəsi və genişləndirilməsi üçün artıq görülmüş və planlaşdırılan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi xahiş edib.

Assambleya həmçinin Azərbaycanı dözümsüzlük və ya keçmiş hadisələrə görə qisas ifadələrindən çəkinməyə, regionun erməni mədəni irsini qorumağa, bütün saxlanılan Dağlıq Qarabağ nümayəndələrini, habelə hazırda Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirləri azad etməyə, Avropa Şurasının qurum və orqanlarının regiona çıxışı üçün imkan yaratmağa çağırıb.

Azərbaycan öhdəliklərini yerinə yetirməsə, Assambleyanın “Azərbaycanın nizamnamə öhdəliklərini ciddi şəkildə pozmasına görə Nazirlər Komitəsinin və Parlament Assambleyasının birgə prosedurunu başlatmağa çağırmaqdan və 2024-cü il sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməkdən başqa alternativi qalmayacaq”, deyə AŞPA-nın qətnaməsində bildirilib.

Turan