Ramiz Mehdiyevin kürəkəni ağlayıb üzr istədi
“Aysel videoları qərəzli çəkib sayta ötürüb”
Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı rəhbəri Ramiz Medhiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə karantin rejiminin pozulmasına görə verilmiş 15 günlük inzibati həbs müddəti başa çatıb. İlham Əliyev və qudası Rövşən Mustafayev sentyabrın 6-da səhər saat 11 radələrində azadlığa buraxılıb.
İlham Əliyev inzibati qaydada həbs olunanların saxlandığı Müvəqqəti Saxlama Məntəqəsindən çıxarkən orada jurnalistlərin suallarını cavablandırıb.
Keçmiş deputat baş verənlərə görə üzr istəyib. Həmçinin videoların qərəzli şəkildə çəkilib yayıldığını iddia edib, buna görə Azərbaycanı “Eurovision”da təmsil etmiş müğənni Aysel Teymurzadəni ittiham edib.
“Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı, Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib, müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağam. Bu, sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür.
Bu gün dostuna xəyanət edən, sabah xalqına da xəyanət edərcək. Mən niyə buna qərəzli deyirəm? Çünki o axşam orada Abel Məhərrəmov badə qaldırıb söz deyəndə, möhtərəm cənab prezidentin fəaliyyəti haqqında yüksək fikirlər səsləndirib. Onun şərəfinə, onun sağlığına badələr qaldırıb. Ulu öndərimiz Heydər Əliyev haqqında orada fikirlər söyləyib. Ruhuna rəhmət oxunub. Abel Məhərrəmovun bir cümləsini təkrar eləyim:
“Kiçikdən böyüyə bütün Azərbaycan xalqı bilir ki, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevdir. Əgər o olmasaydı, Azərbaycan adlı dövlət bəlkə də Yer üzündə olmazdı”. Daha sonra Ramiz Mehdiyevin fəaliyyəti haqqında fikirlərini söyləmişdi. Sual olunur: niyə o fikirlərin heç biri yayılan videoda yoxdur, ancaq Ramiz müəllim haqqında dediyi fikirlər var? Çünki bu, qərəzli çəkiliş idi, əvvəlcədən hazırlanmışdı ki, bu formada çəksinlər, orada ulu öndər, möhtərəm prezident haqqında söylənən fikirlər verilməsin”.
“Əgər o olmasaydı, Azərbaycan adlı dövlət bəlkə də Yer üzündə olmazdı”.
Mənbə: Meydan TV
İlham Əliyev qayınatası Ramiz Mehdiyevə qarşı qarayaxma kampaniyası aparıldığını da bildirib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin ölkədə hakimiyyət dəyişikliyinə çalışması haqda deyilənlər əsassızdır:
“Ramiz müəllim haqqında qarayaxma kampaniyası aparan Fəzail Ağamalı və onun kimi 4-5 ünsürlərin əlinə girəvə düşdü, bəhanə oldu. Amma onlar unudublar ki, Ramiz Mehdiyev kimdir. Ramiz Mehdiyev hələ ulu öndər Heydər Əliyev Moskvada Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda Azərbaycanda onun görən gözü, eşidən qulağı olub. Müstəqillik dövründə Azərbaycana rəhbərlik edəndə Ramiz Mehdiyev ona sədaqətlə xidmət eləyib. Cənab prezident İlham Əliyev Baş nazir vəzifəsini daşıyanda, daha sonra xalqımız tərəfindən prezident seçilən gündən ona sədaqətlə xidmət edib. Ramiz Mehdiyevin sadiqliyi aksiomdur, isbata ehtiyacı yoxdur. Nəinki Ramiz Mehdiyev, eləcə də onun bütün ailə üzvləri bu hakimiyyətə sadiqdilər. Ölənə qədər də sadiq qalacaqlar”.
İlham Əliyev ağlayaraq üzr istəyib:
“Mən cürət edib buradan cənab Prezidentin qarşısında, çox hörmətli Mehriban xanımın qarşısında, cəmiyyətimiz qarşısında üzr istəyirəm. Baladır, qız övladıdır. Hisslərimi cilovlaya bilmədim… Mümkündürsə, məni bağışlasınlar”.
Sabiq deputat sonda onun haqqında yazan sayt rəhbərinə mesaj göndərib: “Bir sayt var, fotomu verib, altından da yazıb ki, “kefim kökdür, kefimi pozmayın, başını buraxın”. Mən o sayta buradan xəbərdarlıq edirəm. Əgər iki gün ərzində o sözləri deməyimi sübut edən audioyazını sayta verməsə, mən onları tapıb cəzalandıracam. Deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır”.
Meydan tv