Tbilisidə bayram – Gürcüstanın Avropa Birliyinə namizəd statusu təsdiqləndi
Bu gün Avropa Parlamentinin Brüsseldə keçirilən sessiyasında Aİ-nin genişlənməsinə dair paket müzakirə olunub və Gürcüstanın qurumda namizədlik statusu rəsmən təsdiqlənib.
Bununla əlaqədar Tbilisidə gənclər və tələbələr bayram tədbirləri düzənləyib.
“Tbilisidə biz Gürcüstanın əldə etdiyi ən böyük qələbəni qeyd edirik, namizəd statusunun alınmasında əməyi olan hər kəsə təşəkkür edirik”, – deyə paytaxt meri Kaxa Kaladze Tbilisidə keçirilən ümumi dövlət bayramında çıxışı zamanı bildirib.
“Gürcüstan xalqı, mən sizin hər birinizi Aİ üzvlüyünə namizəd statusunuz münasibətilə təbrik edirəm. Bu gün biz əsl Avropa şəhəri Tbilisidə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi ən böyük qələbəni qeyd edirik. Tarixən bu şəhərdə müxtəlif millətlərin və dinlərin nümayəndələri ümumi Vətənimiz – Gürcüstanın azadlığı və rifahı uğrunda çiyin-çiyinə çalışıb, mübarizə aparıblar. Azadlıq, firavanlıq, bərabərlik və tolerantlıq Avropanın ifadə etdiyi və qədim zamanlardan Tbilisi və gürcü mədəniyyətinin ayrılmaz xüsusiyyətləri olan dəyərlərdir. Hesab edirəm ki, Avropa Gürcüstanı zənginləşdirə və gücləndirə bildiyi kimi, Gürcüstan da Avropanı zənginləşdirə və gücləndirə bilər… Mən bu gün qələbəmizin əsas yaradıcısı olan gürcü xalqına təşəkkür edirəm. Bu qələbəni gürcü cəmiyyətinin bütün nəsilləri gətirib. Mən gənclərimizi, uşaqlarımızı, gələcək nəsillərimizi namizəd statusları münasibətilə təbrik edirəm. Gürcüstanın Avropaya inteqrasiyasından ən çox faydalanan gənclər olacaq” – deyə, Kaladze vurğulayıb.
Basta